Prezident İlham Əliyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2020-ci ilin aprelində görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.
Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayıb.
Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr verib. Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq var.
Sərəncamda deyilir ki, onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçib.
Son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqın mənafeyini imkanlarının ən son həddinədək müdafiə edib.
Sitat: “Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur”.
Lakin ictimai rəydə Nərimanova münasibət birmənalı deyil. Ona yazıçı, dramaturq kimi hörmət olsa da, kommunist rejiminə xidməti ilə bağlı bəzən tənqidi fikirlər səslənir və hətta təklif edilir ki, Bakıdakı heykəli götürülsün.
Halbuki Nərimanov Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək verib. Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə Nərimanov ona “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar”-deyə cavab göndərmişdi.
Trotski Nərimanovun ölümü ilə bağlı demişdi: “Lenindən sonra Şərqin ən böyük ikinci itkisi”. Serqo Orconikidze isə Nərimanovu belə təsvir etmişdi: “Partiyamızın Şərqdəki ən böyük nümayəndəsi…”
Nərimanovun Dağlıq Qarabağ probleminə münasibəti birmənalı olub. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “qurultayın” qərarının nəticəsiz qalmasını Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi kimi qiymətləndirmək olar.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Nərimanovun siyasi fəaliyyətinə obyektiv qiymət verilmir.
Onun fikrincə, insanlarda yanlış fikir formalaşıb: “Məsələn, onun ayağına yazırlar ki, guya Azərbaycan xalqının nicatını Rusiyaya bağlanmaqda gördüyünü söyləyib. Nərimanov heç vaxt belə ifadə işlətməyib. O, sosial-demokrat olub. Nərimanov istəyirdi ki, siyasi rejim dəyişsə də, Azərbaycanın dövlət müstəqilliyi saxlansın.
Lenin də vəd etmişdi ki, Azərbaycanı Şərqdə ilk sosialist dövləti kimi tanıyacaq. Sonra Nərimanov aldandığını başa düşdü. Lenin ona məktubunda demişdi ki, siyasətlə mədəniyyəti qarışdırırsan”.
ADP sədri hesab edir ki, Nərimanov milli adam idi: “Leninə məktubda yazırdı ki, Azərbaycan neftinin barelini 7 qəpikdən alırsınız, son qəpiyinə qədər aparırsınız, buradakı neftçilərin vəziyyəti isə ağırdır.
Lenin ona cavab verir ki, onlar başqa sahələrdən gələn gəlirlər hesabına yaşasınlar. Eyni zamanda Nərimanovun Hacı Zeynalabdin Tağıyevlə ünsiyyəti olub.
Tağıyev istiqlal məfkurəsinin daşıyıcısı olub, milli hökumətin maliyyələşməsində ciddi payı vardı. Bu da Nərimanovun diqqətini çəkib. Onların ciddi söhbətləri olub”.
S.Cəlaloğlu bildirdi ki, Nərimanovun milli təfəkkürə malik olması Moskvanı həmişə narahat edib: “Onu Mərkəzi Komitənin iclasında zəhərləyib öldürürlər. Trotski onu Şərqin Lenini adlandırırdı. Bu, kiçik ad deyil. Sosialist inqilabının lideri ilə eyni tərəziyə qoyulub.
Ona görə də Nərimanov Azərbaycanın ən böyük oğullarından biridir. Azərbaycanın mütəffiq kimi bu ittifaqa qoşulması Nərimanovun uğurudur.
O, Azərbaycanın istismarına qarşı Leninlə döyüşürdü. Bu baxımdan biz Nərimanovu qiymətləndirməliyik. Məsələn, Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsinə qol çəkib. Onda gərək Rəsulzadəyə xain deyək? Nərimanov istəyirdi ki, müstəqil sovet Azərbaycanı respublikası olsun. Rəsulzadə milli demokrat, Nərimanov isə sosial demokrat olub.
Onların müstəqil Azərbaycan dövləti ilə bağlı mövqeləri bir olub, sadəcə, Nərimanov ölkənin sosialist olmasını arzulayıb. Rəsulzadə ilə Nərimanovun dövlət müstəqilliyinə münasibətində fərq görmürəm. Onun Qarabağla bağlı da prinspial mövqeyi olub. İndi tarixi bilməyənlər, tarixə konyuktur yanaşanlar bilmədiyini danışırlar.
Biz müstəqil dövlət, elm və mədəniyyət üçün çalışmış xadimlərimizi göylərə qaldırmalıyıq. Necə ki, İmam Mustafayev Azərbaycan dilini dövlət dili elan edib”.