Son zamanlar Azərbaycan müxalifətində ən çox üz-üzə gələn partiyalar Müsavatla REAL-dır. Cari ilin fevralındakı parlament seçkilərində REAL-dan Erkin Qədirlinin qanunverici orqana düşməsi gərginliyin artan xətlə bu günə qədər gəlib çatmasına əsas səbəb olan amillərdən biridir. Müsavatçılar onları hakimiyyətlə işbirliyində ittiham edirlər.
Son bir neçə gündə isə qarşıdurma daha da güclənib. Buna səbəb də Müsavat başqanı Arif Hacılının bir statusudur. O REAL-ın dövlət qeydiyyatına alınmasından sonra bu münasibətlə partiyanın sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla iş üzrə şöbəsinin rəhbəri Ədalət Vəliyevlə görüşünə öz facebook profilində status həsr edib. Müsavat başqanı REAL-ı nəinki müxalif qurum hesab edib, hətta hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biri adlandırıb. Həmin statusun ardından bu günə qədər gərginlik davam etməkdədir. Gedən müzakirələrdə “ana-ata” müxalifət məsələləri də yenidən gündəmə gəlib.
Sabiq dövlət müşaviri Qabil Hüseynli bu cür polemikaları gərəksiz sayır: “Müsavat Azərbaycanın tarixi bir partiyasıdır. Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması və onun Şərqdə ilk demokratik respublika qurması məhz əski müsavatçıların adı ilə bağlıdır. İndiki Müsavat Partiyasının son zamanlar ictimai-siyasi fəallığının aşağı düşməsi sözsüz ki, təəccüb doğurur. REAL yeni yaranmış partiyadır. Hələ ki, formalaşma, inkişaf etmə mərhələsini keçir. Bu partiyaya uğurlar arzulayıram. Onun parlamentimizdə bir deputatı var. O deputat da kifayət qədər sanballı adamdır. Belə bir göstəricilərlə indi kimin ana, yaxud hansısa müxalifət olması barədə polemika açmağın heç yeri deyil.
Qabil Hüseynli: “Müsavatla REAL arasında da siyasi həmrəyliyin, həssaslığın, əməkdaşlığın bərqərar olmasını ürəkdən istəyirəm”
REAL-çılara tövsiyəm ondan ibarət olardı ki, zamanın bərk-boşundan çıxsınlar, kifayət qədər tərcümeyi-hallarını zənginləşdirsinlər və bu cür intriqa daşıyan məsələlərdən uzaq dursunlar. Bəzən təkəbbürlü danışıqlar, tez-tez sağa-sola müxtəlif tənqidlər yağdırmaq partiyanın reytinqini qaldırmır, əksinə, aşağı salır. Azərbaycan dövlətçiliyi, xalqı ciddi bir sınaq dövrünü keçirir. 70-dən artıq siyasi partiya Azərbaycan prezidentinin siyasətini dəstəkləyir və onunla milli məsələlərdə ciddi həmrəylik nümayiş etdirir. Bu nöqteyi-nəzərdən Müsavatla REAL arasında da siyasi həmrəyliyin, həssaslığın, əməkdaşlığın bərqərar olmasını ürəkdən istəyirəm”.
Yeganə Hacıyeva: “REAL-a qarşı istər Müsavat, istərsə də Milli Şuranın simalarının saldırmasının əsas səbəbi…”
Siyasi şərhçi Yeganə Hacıyevanın fikirləri də diqqət çəkir: “Məsələ ondadır ki, uzun illər Azərbaycanda müxalifət və müxalifətçilik monopoliyasında olduğu bir-iki qrupun fəaliyyəti nəticəsində cəmiyyətdə gözdən salınmışdı. 2006-2008-ci illəri bu mövzuda lap həssas illər hesab etmək olar. Müxalifətçilər işdən qovulur, müxalifətçi işçiləri qovmadığına görə rəhbərlər, universitet redaktorları təzyiqlərə məruz qalırdılar. Amma məsələ ondadır ki, siyasi hakimiyyətlərin müxalifəti var və olmalıdır. Sağlam və dövləti maraqlara söykənən müxalifət isə istənilən hakimiyyətin daha yaxşı fəaliyyət göstərməsinə səbəb olur. Məsələ ondadır ki, müsəlman ölkələrində dünyəvi müxalifət sıradan çıxarılanda adətən onun yerində daha radikal, dini və terror ideologiyalı müxalifət formalaşır. Bütün müsəlman ölkələrində demokratik açılıma, qanunlara, inkişafa inamını itirən, təhsil imkanlarından məhrum edilən cəmiyyətlər sonunda radikal, dini və terror ideoloji bir müxalifət formalaşdırır. Uzun illər ölkə daxilində bu fikirləri səsləndirdik və nəhayət, bizdə də bu reallığı illər sonra anlayanlar tapıldı. Amma məsələ ondadır ki, bu o dövrə təsadüf etdi ki, müxalifətçilik milli maraqların müdafiəsi anlayışından bir az kənarlaşdı, ilbəil radikallaşdı, kənar təsir altına düşmə kimi bir səviyyəyə çatdı. Yəni bütün müsəlman ölkələrində müşahidə olan cəmiyyətlərə yad elementlərə siyasi inteqrasiya edən qrupların ilkin təzahürlərini müşahidə etdik. Sırf REAL-la bağlı onu deyə bilərəm ki, savadlı, gənc siyasilərdən formalaşan bir qrup olaraq onlar ilkin formalaşma zamanından istər cəmiyyət üçün, istərsə də hakimiyyət üçün həmişə cazibədar olublar. Ənənəvi radikal çıxış və ritorikadan imtina edən, ölkə və cəmiyyətin problemlərini süni deyil, siyasi təkamül yolu ilə həlli haqqında pozitiv mesajları onları cazibədar edib. Bura xüsusilə həm də onu əlavə etmək istəyirəm ki, bu fəaliyyət Azərbaycan cəmiyyətində müxalifətçiliyin yenidən hörmətə gətirilməsinə səbəb olur və bu cəmiyyəti xaosa sürükləyən, bütün dünyada siyasi terror qruplaşmaların keçdiyi mərhələlərin ilkin mərhələsini yaşayan qrupların xoşuna gəlmədi. REAL-a qarşı istər Müsavat, istərsə də Milli Şuranın simalarının saldırmasının əsas səbəbi heç də onların parlamentə millət vəkili statuslu üzvünün olması deyil, əsas səbəb zamanında istər cəmiyyət, istərsə də hökumət rəsmiləri tərəfindən özlərinə qarşı gördükləri, hiss etdikləri münasibətin hörmətinin obyekti REAL Partiyası olmasıdır. Məsələ ondadır ki, nəinki müxalifətçilik, heç 10 il hakimiyyətdə təmsil olunmalarına rəğmən simasını qoruya bilməyənlər 10-12 ildən çoxdur cəmiyyətdə öz buğdasını qoruyub, daha gözəl günlərə saxlayan REAL-a saldırmalarının əsasında da məhz bu hörmətə qıcıq və siyasi qısqanclıq durur”.