Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev növbəti bəyanatla çıxış edib. Bəyanatın ruhu təhdid xarakterlidir. R.Mehdiyev bəyanatına konkret adlar da daxil edib. Bu adlar onun “qara siyahısı” hesab oluna bilər. Çünki o, adlarını yazdığı millət vəkillərini, KİV rəhbərlərini və partiya sədrlərini açıq şəkildə hədələyib.
Ramiz Mehdiyev bəyanatında “həqiqi müxalifətə” isə tərif deyib: “Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş”. Bununla faktiki olaraq, onlarla işbirliyinə gedə biləcəyinə də işarə etmiş olub.
O, həmçinin Rusiya ilə dolayısı ilə hamını təhdid edib. Bu, şantajdımı, yoxsa arxasında gerçəklik varmı? Ömrü boyu siyasi müxalifətə qarşı olan bir keçmiş məmur nədən belə indi müxalifətin xeyrinə danışsın? Onun müxalifətin hansısa cinahı ilə işbirliyinin baş tutması mümkünmü?
AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Mehdiyev 84 yaşında olan ahıl adamdır. Onun hər hansı siyasi perspektivindən, müxalifətdaxili səfərbərlik aparmasından danışmaq qeyri-ciddi olar: “Ona görə də Ramiz Mehdiyevin müxalifətlə yaxınlaşmasını əsassız hesab edirəm. Ramiz Mehdiyevin Rusiya ilə bağlı dediklərini də ciddiyə almaq lazım deyil”.
Ramiz Mehdiyevin “qara siyahı”ya saldığı müxalifət də var. Onlardan AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, əslində Ramiz Mehdiyevin onları məhkəmə ilə təhdid etməsi onların əsl müxalifət olaraq doğru yolda olduqlarının isbatıdır: “Əksinə, bu gün Mehdiyev kimi birisi bizi tərifləsəydi, biz özümüzdən və fəaliyyətimizdən şübhə duymalı idik. Demək ki, dediklərimiz tam hədəfə dəyib ki, kinli akademik əlimizdən bu qədər qəzəblənib. Bizim Allahdan başqa kimsədən çəkindiyimiz və qorxduğumuz yoxdur. Biz zamanında gəncliyimizin ən gözəl illərini Mehdiyevin saxta məhkəmə qərarları ilə zatən zindanlarda keçirmiş siyasilərdənik. Bizlər Ramiz Mehdiyevin ən güclü olduğu dönəmlərdə belə ona sözümüzü ən açıq formada demişik və bunun cavabını ağır repressiyalara məruz qalaraq vermişik. İndi bu qəddar qoca bizi nəylə qorxuda bilər ki? Əslində biz gözəl bilirik ki, xalqdan taladığı milyardlar hesabına Mehdiyevin xidmətində əli silahlı qanunsuz dəstələr də var və istəsə, bizə qarşı onlardan da istifadə edər. Necə zamanında müxtəlif siyasilərə və iş adamlarına qarşı bu metoddan istifadə edir. Mən anlamıram, necə ola bilər ki, 5-6 ay öncəyə qədər dövlətə və dövlətçiliyə xəyanətdə ittiham etdiyi, məhv etməyə çalışdığı müxalifətə bu gün təriflər desin? Məncə, burada xalqın araşdırmalı və nəticə çıxarmalı olduğu kifayət qədər məqamlar var. Mehdiyev açıq şəkildə müxalifətə keçər, ya yox, onu deyə bilmərəm. Çünki onun belə qərarlar vermək səlahiyyətinin olduğunu düşünmürəm, haradansa tapşırıq gəlsə, bəlkə də, keçər. Müxalifətdən kimlərinsə ona qucaq açmasına gəldikdə isə, deməliyəm ki, özünə müxalifət deyən kimsə Mehdiyev kimi birisi ilə eyni sırada dayana bilməz. Əgər bir sırada dayanarsa, demək ki, o heç müxalifət olmayıb. Ancaq bir tərəfdən də düşünürəm ki, dünənə qədər Avropaya kürü daşıyanlar, müxalifət əleyhinə Avropada fəaliyyət göstərənlər, ölkənin bu günə düşməsində birbaşa iştirak etmiş ekslər bu gün kimlərin tərəfindənsə müxalifət liderləri kimi cəmiyyətə sırınırlarsa , onlar R.Mehdiyevi niyə də qəbul etməsinlər? Hər halda hər varianta hazır olmaq lazımdır. Məni artıq Azərbaycan siyasətində təəccübləndirəcək hansısa hadisənin olması mümkün deyil”.