Rahid Ulusel Rusiyanın portretinə naxışlar vurur:“Rusiya imperiyası Avropanı fəth etmək istəyir, ancaq özü fəth olunacaq” – Təhlil

11 Mart 2019 - 11:41
193 oxunma

Britaniya və Rusiya

 

Rusiya  – Çarını (ailəsi ilə birlikdə) edam edib, imperiyasını diktatura ilə davam etdirdi. Britaniya  – Kralını ali statusunda saxlayıb, imperiyadan demokratiyaya keçdi… Bu gün Avropada heç bir imperiya yoxdur. Əvəzində inkişaf etmiş milli dövlətlərin Avropa İttifaqı var. Rusiya indiki imperiya iddiaları ilə Avrasiyanı belə bir möhtəşəm ittifaq yaratma imkanlarından məhrum edir. Dünyanın kökündən dəyişdiyi son yüz ildə dəyişməz qalaraq da tarixi missiyasını dərk etməyən bu dövlət Putin zamanında açıq şəkildə Özünün və Tarixin ziddinə gedir.

 

Siyasi tənhalıq – Avrasiya boyunca

 

Rusiya imperatriçası II Yekatrinanın (1729-1796) torpaq istilası və kişi fəthi paralel olaraq və bir-birini mayalandıraraq zəfərə yürüyüb. Saz erkək axtarışında olan Rusiya imperatriçası ərz edib: “Rusiya özü bir dünyadır, ona heç kim lazım deyil.” Bu gün isə Rusiya özünün “zəiflər alyansına” – Avrasiya İttifaqına yedək-müttəfiqlər axtarır. Dulluğunun siyasi tənhalığını ovundurmaq üçün “qərbində günəş batanda şərqində günəş doğan” bir ölkə çevrəsindəki avtoritar rejimləri tovlayıb yatağına salmaq üçün daha nələrə əl atmır!..

 

“Kamilləşən” ağılsızlıq

 

Almaniyanın böyük dövlət xadimi Otto Bismark hələ XIX əsrin sonlarında Rusiyanı sərrast xarakterizə edən bir fikrə gəlib: “Rusiyanın əleyhinə heç vaxt heç nə düşünüb axtarmayın, çünki o, sizin hər bir hiylənizə qarşı öncəgörülməz ağılsızlıqla cavab verər.” Özü də Bismark zamanından bəri “kamilləşən” o ağılsızlıqla ki, nəticəsi əvvəlindən sonuna başqalarına bir qat, özünə beş qat artığı ilə ağırlaşmağa doğru gedir.

 

Ya İmperiya, ya Demokratiya

 

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt XX əsrin ortalarına yaxın Rusiyaya yüksək etimadla ümid bəsləyirdi: “Mən Rusiyanın böyük gələcəyini görürəm. Əlbəttə, bunun üçün ona zəruri silkələnmələrdən, bəlkə də, ağır sarsıntılardan keçmək lazım gələcək, ancaq o hər cür çətinlikləri dəf edəcək və yalnız bundan sonra Rusiya, olsun ki, dünyanın ən qüdrətli dövləti kimi, bütün Avropanın dayağı olacaq və belə bir statusda qəbul ediləcək.”

Fəqət bu, baş vermədi. Çünki Ruzveltin üstüörtülü şəkildə eyham vurduğu kimi, Rusiya öz inkişafının demokratiya fazasına adlamadı, yeni dünyada da köhnə inad və iddialarla Pyotr və bolşevik ənənələrini davam etdirdi. Bu səbəbdən də görkəmli fransız tarixçisi, dünya sistemi nəzəriyyəsinin yaradıcılarından biri Fernan Brodelin ifadəsincə, – “bütün Rusiya tarixi öz alovunda yanmışdır”. Bu gün isə Rusiya daha amansız şəkildə müasir tarixinin əsas dilemması qarşısındadır: ya İmperiya, ya Demokratiya. Birincini seçsə, yenə yanacaq. İkincini seçsə, nəinki Ruzveltin, bütün mütərəqqi bəşəriyyətin ona bəslədiyi ümidi doğruldacaq: gerçəkdən dünyanın qüdrətli və aparıcı dövləti olacaq. Rusiyanın ətrafındakı peyk-dövlətlərin eyni siyasi dalğada avtokratiyadan qurtuluşu da bu gözlənilən pozitiv prosesdən bilavasitə asılıdır.

 

Milli dövlət ola bilməmək faciəsi

 

Rusiyanın imperiyadan ittifaqa, ittifaqdan federasiyaya transformasiyasında əsas ziddiyyəti: o, bu günədək milli dövlət modelini özünə tətbiq edə bilmir. Ayrı-ayrı xalqların 22 respublikasından – ümumilikdə 85 federasiya subyektindən ibarət olan Rusiya deyə bilmir: “Mən milli dövlətəm”. Klassik imperiya və milli dövlət: birincisini – sərt avtokratik sistem və “dünya hegemonluğu” manipulyasiyaları ilə qorumağa çalışır (ancaq qəbul etmək istəmir ki, ərazi böyüklüyünün dünya hegemonluğunu şərtləndirən meyarı artıq indiki dünyada yaramır), ikincisinin – müasir milli dövlətin özəyini təşkil edən demokratiyanı isə özünə yaxın buraxmır. Milli dövlət ola bilməyən Rusiya axıradək imperiya – indiki formasında federasiya – olaraq qala biləcəkmi?! İstərdi ki, qalsın. Onda … Milli Dövlət ola bilməyəcək!

 

Məntiq sərhədləri itiriləndə…

 

Tarixdə ilk dəfədir (2016, 24 noyabr) ki, bir dövlətin başçısı onun təsdiq olunmuş sərhədləri daxilində siyasi subyekt statusunu metafizik dolayısılıqla inkar edir: Vladimir Putin bir azyaşlı rus məktəblisi ilə sual-cavabında zarafata salıb, arxaik ekspansionizm siyasətinin zirehi altından, Rusiyanın tarixən mövcud olmuş mistik genişlənmə eyforiyası ilə bəyan edir: “Rusiyanın sərhədləri heç bir yerdə bitmir”. Buradan iki ehtimal-nəticə çıxır: ya – Rusiya “genişlənib” dünya boyda olur; ya da –  Rusiya “genişlənib” dünyaya sorulur. Bu iddianın birinci perspektivi – absurd, ikinci perspektivi – xəyalidir. Deməli, belə bir “imperativi” ilə – indiyədək görünməmiş kosmopolit militarizmin əsasını qoyan Putin və onun iddiasını alqışlayanlar, əslində tam əks effektlə, dünyanın ərazicə ən böyük ölkəsinin – Rusiyanın dünyada əriyib yox olacağı hökmünü vermiş olurlar. “Rusiyanın sərhədləri heç bir yerdə bitmir”, yəni “Rusiya – yox olur!” Bunu Rusiyaya hansı düşmən deyər?!

 

İki PP, yaxud altmış üçüncünün birincilik iddiası

 

Rusiyada kim haçan imperatorluq edirsə, Romanovlar nəslindən imiş. Amma necə şaşırdıcı paradoksla. Jirinovskinin “çar formatı” – tarixi Rusiyaya güldürür: Rusiya fonunda iki PP – Pyotr və Putin yanaşı dayansa, necə görünərlər?! Ölçü və mahiyyətin itdiyi yerdə, ərazisinə və təbii sərvətlərinə görə dünyanın 1-ci dövləti adambaşına ÜDM-ə görə 63-cüdürsə, onu hansı aqibət gözləyir?!

 

Suriya və Rusiya

 

Bu iki ölkənin adlarındakı ilk üç hərfi dəyişdirəndə, Suriya Rusiya, Rusiya Suriya olur. Apardıqları siyasət də onların adları kimi tale atlarını da çarxlarından oxları çıxmış bir arabaya qoşur… Çarxlar yerindən çıxanda isə hərəsi bir tərəfə diyirlənir…

 

Keçmişindən görünən Gələcək

 

Jan Jak Russonun (1712-1778) Pyotrdansonrakı-inqilabaqədərki Rusiyaya digər fransız mütəfəkkirlərindən daha güclü və xüsusi təsirinin kökündə – onun rus cəmiyyətini köhnə-yırtıq qınından çıxarmağa çalışan intellektualların – Radişşev, Karamzin, Puşkin, Gertsen, Dostoyevski və başqalarının düşüncəsində fırtına yaratması dayanır. Fransız filosofunu “ilahiləşdirənlərin” içərisində Lev Tolstoy da vardı ki, onun miniatür portreti olan medalyonu on beş yaşından sinəsində gəzdirməyi, iyirmi cildliyini birər-birər oxumağı ilə fəxr edirdi. Çünki Böyük Fransa İnqilabının müjdəçisi Russo “Avropanın nüsxəsi” olmağa can atan Rusiyanın cəhdlərindəki metamorfozanın əbəsliyini onlardan öncə sezmiş, kilidlənmiş Rusiyanın tənqidinə çöldən açar salmışdı. Rusiya imperiyasının qurucusu Birinci Pyotru ideallaşdıran Volterdən (1694-1778) fərqli olaraq, Russo hələ XVIII yüzilliyin ortalarında həm də Volterlə şəxsi ədavəti (dolayı tənqidinə görə Volterin Cenevrədən qovdurduğu, onun yaxınlığındakı Motye kəndində də daşlatdığı Russo İngiltərəyə qaçıb böyük şotland filosof-empiriki Devid Yuma sığınır)  və konseptual fikir ayrılığı məcrasında Pyotrtəməlli Rusiyanın təkamülündəki qeyri-təbiilik və ziddiyyətliliyə kəskincə və uzaqgörənliklə münasibətini bildirmişdi: “Ruslar heç zaman gerçəkdən sivilizasiyalı xalq olmayacaqlar, çünki sivilizasiyanın təsirinə olduqca erkən məruz qalmışlar. Pyotr təqlidçilik istedadına malik idi, ancaq onda əsl dahilik yox idi ki, hər şeyi heç nədən qurub-yaratsın. Onun etdiklərindən nələrsə yaxşı idi, əksəriyyəti isə yerində deyildi. O başa düşürdü ki, xalqı vəhşidir, amma qətiyyən anlamırdı ki, bu xalq vətəndaş cəmiyyəti qaydaları üçün hələ yetişməyib. O istəyirdi ki, öz xalqını dərhal maarifləndirsin və firavanlaşdırsın, halbuki onu bu çətinliklərə alışdırmaq gərəkdi. O istəyirdi ki, əvvəlcə xalqından alman, ingilis yetişdirsin, halbuki onları elə rus yaratmaqdan başlamaq lazım idi. O öz təbəələrini olmadıqları kimi olmağın zəruriliyinə inandıraraq, onları olduğu kimi qalmağa qoymadı. Tərbiyəçi-fransızın etdiyi tək: öz şagirdlərini elə tərbiyələndirirsən ki, uşaqlığında işıq saçır, sonra isə birdəfəlik puç olub gedirlər. Rusiya imperiyası Avropanı fəth etmək istəyir, ancaq özü fəth olunacaq. Tatarlar (türklər – R.U.), onun təbəələri, ya da qonşuları Rusiyanın fatehi, elə bizim də fatehimiz olacaqlar. Belə bir dönüş mənə labüd görünür. Avropanın bütün kralları onun yaxınlaşmasına birgə kömək edirlər” (Руссо Ж.Ж. Трактаты. М.: Наука, 1969, с.183). Ruslardan da  sərt fransızların, bütün Avropanın çatışmazlıqlarını qamçılayan, “İctimai Müqavilə haqqında, yaxud Siyasi Hüququn Prinsipləri”  (1762) traktat-layihəsi ilə siyasi fəlsəfə tarixində ilk dəfə sosial bərabərsizliyin səbəblərini və formalarını açan Jan Jak Russonun Avrasiyanın təkamülü perspektivinə baxışları həm də ona görə dəyərlidir ki, burada kal sivilizasiyaların həmişə təsadüflərin qurbanı olması gerçəyinə  varılır. Hər bir sivilizasiya öz dərin kökləri üzərində bitməli, gövdələnməli, budaqlanmalıdır ki, tarixin tufanları onu aşırmasın.

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"