Prezidentin köməkçisi Anar Ələkbərovun ictimai xadim və ziyalılarla görüşü cəmiyyətdə maraqla qarşılanıb. Görüşdə bir sıra tanınmış şəxslər iştirak ediblər.
Onların arasında deputatlardan Qənirə Paşayeva, Erkin Qədirli, Hikmət Babaoğlu, professor, tənqidçi Qulu Məhərrəmli, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı, yazıçı Çingiz Abdullayev, bəstəkar Fərhad Bədəlbəyli, şair Şəhriyar Del Gerani və başqaları var idi.
Prezidentin köməkçisi ilə görüşün təəssüratlarını bizimlə bölüşən telejurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, bu görüş ictimaiyyətin səsini eşitmək istəyi idi:
Onun sözlərinə görə, çünki burada müxtəlif sahələri təmsil edən insanlar toplaşmışdılar, onlar A.Ələkbərova öz fikirlərini açıqladılar.
Q.Məhərrəmli iki əsas mövzu üzərində müzakirə getdiyini vurğuladı: “ Birincisi, pandemiya şəraitində ölkədə yaranmış vəziyyət, görülən işlər, uğurlar və təbii ki, nöqsanlar danışıldı.
Digər məsələ isə Tovuz istiqamətində baş verən hadisələr, cəbhədəki gərginlik, eyni zamanda Bakıdakı orduya dəstək yürüşü, o cümlədən Azərbaycana qarşı sosial şəbəkələrdə təxribatlar müzakirə edildi”.
Professor bildirdi ki, əvvəlcə pandemiya ilə bağlı görülən işlər haqda hesabat verildi, mobil xəstəxanaların qurulması, ölkəyə dəvət olunan xarici mütəxəssislər və koronavirus testləri ətrafında suallar oldu: “Bundan əlavə, karantin rejiminin uzadılmasının nə dərəcədə effektli olması barədə sorğular səsləndi, karantinin yumşaldılması, çimərliklərin açılması təklifləri səsləndi. Eyni zamanda sosial təminatın yaxşılaşdırlması, 190 manatın verilməsi ilə bağlı nöqsanlar dilə gətirildi”.
Onun sözlərinə görə, daha sonra Tovuz hadisələrinin mediada necə işıqlandırılması, cəmiyyətin reaksiyası müzakirə olunub, 14 iyulda keçirilən yürüş-mitinqin dövlətlə xalq arasında həmrəylik, müsbət hal olması kimi qiymətləndirilib: “Xüsusi olaraq, sosial şəbəkələrdə orduya və Azərbaycana qarşı təxribatlardan söz açıldı, bunların qarşısı necə alınmalıdır, vətəndaşlar necə ayıq-sayıq olmalıdır, bütün bunlarla bağlı fikir mübadiləsi oldu. Belə qənaətə gəldim ki, medianın vəziyyəti ilə əlaqədar xüsusi görüş nəzərdə tutulur. Ümumiyyətlə, görüşün atmosferi mənə xoş gəldi. Yəni, görüntü yaratmaq xatirinə təşkil olunmayıb. Hər halda müstəqil fikri olanlar var idi və onlar məsələləri çəkinmədən açıqladılar”.
Q.Məhərrəmli hesab edir ki, bir görüşdə bütün məsələləri əhatə etmək mümkün deyil, bununla yanaşı bu cür fikirlərin səslənməsi və ölkənin ali rəhbərliyinə çatdırılması, tədbirlər görülməsi çox əhəmiyyətlidir:
“Əgər belə görüşlər nəticə verəcəksə, davam etdirmək vacibdir ki, cəmiyyətin səsi eşidilsin. Cəmiyyətin səsi eşidiləndə nöqsanları da aradan qaldırmaq olur.
Bu görüşlərin davam etdirilməsinin tərəfdarıyam, konstruktiv, qarşılıqlı hörmət, cəmiyyətin maraqlarına xidmət ruhunda görüşlər olmalıdır. Belə halda indiki həssas həmrəyliyi qoruya bilərik”.