Millət vəkili Qənirə Paşayeva Sivas Cümhuriyyət Universitetində Qarabağ problemi, 31 Mart soyqırımı və Türk dünyası ilə bağlı konfransda çıxış edib.
Reportyor.info xəbər verir ki, yüzlərlə tələbə və müəllimin iştirak etdiyi konfransda millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Türk dünyasına, dünyanın hər yerində yaşayan türk diasporuna və diaspor təşkilatlarına çağırış edib. O, bir sıra ölkələrin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarlarından danışıb və dünyanın hər yerində yaşayan türk insanının bunlardan narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz etiraz səslərini ucaltmalıdır deyib. Həmin ölkələri kəskin tənqid edən millət vəkili işğalçı ölkəyə Azərbaycan torpaqlarını azad et deməyən o siyasətçilərin bu məsələlərdən öz maraqları üçün istifadə etdiklərini dilə gətirib. “Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırım törətməyiblər, tam əksinə ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər”, – deyən millət vəkili “bir sıra ölkələrin yalanları dəstəkləməsi, amma gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər düşüncələrdə ciddi suallara da səbəb olmalıdır”, – deyə əlavə edib.
Q.Paşayeva 31 Mart soyqırımı, ermənilərin 100 il əvvəl azərbaycanlılara qarşı töpətydiyi soyqırımla bağlı geniş məlumatlar verib: “31 Mart soyqırımının 100-cü ildönümü, Xocalı Soyqırımının 26-cü ildönümü tamam oldu. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin bu soyqırımlarla bağlı bir cümlə açıqlamasını belə eşitmədik. Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni qoyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Atalarının belə görmədiyi hadisələrdən danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? 31 Mart soyqırımı, Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir”.
Millət vəkili konfransda iştirak edən KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb, eyni zamanda tədbir iştirakçılarına müəllifi olduğu kitabları imzalı hədiyyə edib.
Q.Paşayevanın konfransda etdiyi çıxışı aşağıdakı videodan izləyə bilərsiniz: