Putinin orden verdiyi icra başçısı Atatürkün parkını xarabalığa çevirib

21 Avqust 2018 - 13:02
1205 oxunma
Bu park Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürkün adını daşıyır. “Gənclik” metrosunun çıxışındadır. Vaxtilə şəhərin mərkəzi yerlərindən, xiyabanlarından biri kimi göz oxşayırdı.
O kişinin adına yaraşmaz
Amma park xarabalığa çevrilib. Məgər türklər bizim tanınmışların adlarını daşıyan parklara, küçələrə belə münasibət göstərirlər? Amma Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, rus prezident Putindən “Dostluq” ordeni almış Abdin Fərzəliyev göstərir. Özü də Atatürkün adına olan parka…Park deyil, bərbadlıqdır. AzEuroNews.com–a danışan parkın gündəlik sakinlərindən olanNüsrət dayı parkda oturacaq qalmadığını söyləyir. Onun sözlərinə görə, skamyalar elə bil müharibədən çıxıblar. “Fəvvarə işləmir, hovuzun suyu quruyur, sonra yağışla, zibillə dolur, təmizlənmir, oturacaqlar tökülüb, özünüz şahidsiniz. Nə bilim, heç o kişinin adına yaraşmayan parka çeviriblər” –,deyə Nüsrət dayı gileylənir.
Dağılmış skamyalar, hər yan zibil, yelləncəklər yox…
Onun söhbətinə qoşulan təqaüdçü Firudin kişi parkın metro tərəfdən girişinin kafelərə satıldığını, girəcəkdə “gözə kül üfürən” abadlıq işi görüldüyünü bildirir. Deyir ki, kafelər olmasa, parkın girişi də acınacaqlı vəziyyətdə olar. Ancaq sonra böyük bir ərazi başlanır və bu illər ərzində Nərimanov RİH tərəfindən heç bir təmir işləri aparılmayıb. Parka gələnlər deyirlər ki, artıq ailəvi gəzmək üçün bura münasib yer deyil: çayxanalar, pivəxanalar, dağılmış skamyalar, hər yan zibil, uşaqlar üçün yelləncəklər sıradan çıxarılıb, parkın Ayna Sultanova heykəlinə yaxın hissəsi avtoparkın və restoranların “işğalındadır”. Səhər tezdən park nə süpürülür, nə təmizlənir, nə də icra hakimiyyəti tərəfdən skamyalar yenilənir, yelləncəklər, attraksionlar quraşdırılır. Sakinlərin sözlərinə görə, parkın yenidən qurulmasına ayrılan pulların taleyindən xəbər yoxdur. Nərimanov RİH başçısı A.Fərzəliyev rayonu hansı günə qoyubsa, Atatürkün parkı da o kökdədir.
Parka ayrılan pullar hardadır?
Prezident hər il icra hakimiyyətlərinə büdcədən vəsait ayırır, bu dotasiyadan Nərimanov kimi paytaxtın mərkəzi rayonu da kənar qalmır. Di gəl ki, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğu, onların bizim şəxsiyyətlərə ehtiram göstərdiyi halda, A.Fərzəliyev Azərbaycan prezidentinin diplomatik siyasətinə zidd olaraq Atatürkün parkını Suriyanın Hələb şəhərinə döndərib. Halbuki, bu cür gözəl parkı yenidən qurmaq, müasirləşdirmək olar, yaşıllıqları artırmaq, işıqlandırmanı təzələmək mümkündür, fəvvarələr, skamyalar, attraksionlar düzəldilə bilər. A.Fərzəliyevin rəhbərliyi dövründə isə bu parkda daşı daş üstünə qoymayıblar. Eləcə də “Nəriman Nərimanov” metrosunun üstündəki eyniadlı parkda heç bir abadlıq işi görülməyib. Bu haqda növbəti reportajlarda yazacağıq. A.Fərzəliyev 13 ildir ki, bu rayonun icra başçısıdır. Türkiyədə 13 ilə şəhərlər salınır, Atatürk adına parklar, meydanlar, universitetlər yaradılır.
Türk səfirinə və PA–ya məktub…
Böyük biznes imkanlarına malik olan,Putinin ordenini almış və Həştərxanda tikinti işinə girişmiş icra başçısı isə 13 ildə bir parkı da sakinlərin istirahəti üçün müasirləşdirməyib. Parkdakı “Şuşa” kinoteatrı da neçə illərdir təmir adı ilə hasarlanıb. Bir zamanlar Bakıdakı ən böyük kinoteatrlardan sayılan bu mədəniyyət evi 5 böyük otaqdan, həmçinin yay zalından ibarət olub. Parkda istirahət edən insanlarla söhbət əsnasında öyrəndik ki “Şuşa”nın ağır dönəmi məhz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxandan sonra başlayıb. Sakinlər Türkiyə səfirliyinə və Prezident Administrasiyasına müraciət etməyə hazırlaşır ki, parkın abadlaşdırılmasına kömək göstərilsin.
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"