Azərbaycanda heç də hər məmur prezidentin tapşırıqlarının öhdəsindən gəlmir və gələ bilmir. Onların qarşısında qoyulan məqsədlər, hədəflər, layihələr layiqincə yerinə yetirilməyəndə, əliəyrilik, nadürüstlük olanda, dövlətə və prezidentə etimadsızlıq göstəriləndə bunun bir acı sonu olur.
Çox uzağa getmək lazım deyil, ölkədə sürətlə həyata keçirilən kadr və struktur islahatları, cızığından çıxmış bəzi məmurlara verilən qulaqburmalar, cəzalandırmalar, son həftələr isə millətin malına göz dikən icra başçılarının həbsi sübut etdi ki, prezidentin heç kəslə zarafat etmək fikri yoxdur. Onun konkret tələbləri var – xalqa xidmət, əhalinin problemlərinih həll etmək və qarşıya qoyulan tapşırıqları icra eləmək…
Amma bunu etməyənlər, prezidentin sərt xəbərdarlıqlarına məhəl qoymayanlar var idi və onlar bu gün istintaqa çəkilir, sorğu-sual olunur, qara maskalılar tərəfindən qandallanır, hesab verir. Belə də olacaqdı.
Çünki prezident yalnız dövlətə sədaqətli, xalqla hakimiyyət arasında körpüləri yandırmayan məmurlarla işləməkdə həvəslidir.
Sadəcə, bəzən “qurunun oduna yaş da yanır” misalına uyğun olaraq, həqiqətən işləyən, yenilik gətirən, dövlət rəhbərliyinin razılıq etdiyi vəzifəlilər də əsassız yerə hədəfə çıxarılır.
Halbuki, prezident və xalq şahiddir ki, işləyənlə “pakazuxalıq” edən məmurlar hansılardır, onları ayırd etməmək mümkün deyil.
Reportyor.info-nun yeni rubrikasında məhz prezidentin komandasında olan kadrlardan hansıların özlərini yaxşı tərəfdən göstərdiyini araşdırmağa başlamışıq. Söhbət gerçəkdən missiyasını yerinə yetirən, prezidentə daima hesabat verən məmurlardan gedir.
Onlardan biri də “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovdur. C.Qurbanov nəqliyyat sisteminə yad mütəxəssis deyil.
Onun bundan öncə “Azəryolservis” ASC-dəki fəaliyyəti, habelə millət vəkili kimi seçicilərinə xidməti göstərdi ki, belə bir peşəkar kadrı daha da irəli çəkmək, mühüm post vermək zamanıdır. Əslində haşiyəyə çıxaraq demək lazımdır ki, C.Qurbanovun yaşının və təcrübəsinin, o cümlədən nüfuzunun, sanbalının elə bir dövründədir ki, artıq baş dəmiryolçu vəzifəsindən də yuxarıya yüksələ, nazir təyin oluna bilər.
Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olan işdir. Bizimsə araşdırmalarımız onun QSC sədri sədri vəzifəsində gördüklərinə yönəlib.
Məlum olur ki, Arif Əsgərovdan sonra dəmiryol nəqliyyatı sistemində bir inqilab baş verib. A.Əsgərov kimi bərbad reputasiyaya malik şəxsin bu sahədəki fəaliyyəti, sonralar oğlunun məhkəmə işləri kifayət edir ki, necə işlədiyini təsəvvür edəsən.
Belə bir kadrdan sonra QC-yə elə məmur təyin olunmalıydı ki, etimadı doğrultsun. Və prezident İlham Əliyev yanılmadı…
Cavid Qurbanov isbat etdi ki, əbəs yerə “Azəryolservis” ASC sədri və deputat olmayıb. Ondan həmişə razılıq ediblər. İndi də dəmiryol sistemində gördüyü işlərlə nümunələr yaratmağa başlayıb.
Hətta belə desək, C.Qurbanov işinin həvəskarıdır, novatordur, təşəbbüskardır. Bunun nəticəsidir ki, eyfiyyət baxımından dünyada 34-cü sıradayıq.
Təsadüfi deyil ki, 2015-ci ildən indiyə qədər dəmir yolu işçilərinin əməkhaqqında 95 faiz artım var. Yəni, C.Qurbanovla bağlı araşdırmalar təkcə sentimental təsvirlərdən, metaforalardan ibarət deyil, ortada real faktlar var. Gəlin, onların davamına diqqət edək:
Reportyor.info xəbər verir ki, 2015-ci ildə əməkhaqqı ortalama 120-130 manat idisə, indi bu əməkhaqqı azı 583 manat təşkil edir.
Dəmir yolunun inkişafına dair qəbul olunmuş Dövlət Proqramına əsasən, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parkının yenilənməsi və digər mühüm işlər yerinə yetirilib.
Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin müasir tələblərə çatdırılması, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz olaraq vaxtında çatdırılması üçün müasir texniki vasitələrin yeniləşdirilməsi əsas şərtlərindəndir.
Son vaxtlar “ADY” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yolunun, lokomotiv parkının yeniləşdirilməsi istiqamətində də mühüm addımlar atılır.
Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə “ADY” QSC ilə “Alstom” şirkəti arasında dəyişən cərəyanla işləyən 40 ədəd yük, 10 ədəd sərnişin lokomotivlərinin alınması ilə bağlı müqavilə imzalanıb.
Eyni zamanda Bakı Sərnişin Vağzalının müasir dünya standartları səviyyəsində olması üçün burada yenidənqurma işləri aparılıb. Vağzalın əsas binasının fasadı yenidən qurulmuş, vağzalın inzibati binasının daxilindəki iş otaqları və bilet kassaları, saxlama kameraları, sərnişin platformaları tamamilə yeni, müasir görkəm alıb.
Bundan başqa, Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda tıxac problemini həll etmək üçün bu şəhərlər arasında mövcud olan dəmir yolu xətti yenidən əsaslı təmir edilib. Yəni, bütün bu işlər prezidentin tapşırıqları və proqramlar əsasında C.Qurbanovun rəhbərliyi dövründə həyata keçirilib.
Təəssüflə demək lazımdır ki, bütün bunların, böyük layihələrin qarşısında aciz, cılız görünən bəzi ağzıgöyçəklərin iyrənc kampaniyaları, anti-Azərbaycan dairələrinə bağlı şəxsciylərin qara piarları ikrah hissi doğurur. Onların beyin yox, peyin məhsulu olan üsullara əl atması, ADY rəhbərliyi, şəxsən C.Qurbanov haqda qara, ucuz piar aparması kifayət qədər əttökən, uğursuz, yersiz görünür.
Aydın məsələdir ki, ölkə prezidentinə hədyanlar yağdıran, təhqirlərə yol verən həmin marginal qrupların İ.Əliyev tərəfindən təyin edilmiş uğurlu kadrlara iftiralar atması da təəccüb doğurmamalıdır.
Sadəcə, bununla heç nəyə nail olmaq mümkün deyil. Onlar koronavirusdan da betər parazitlər, viruslar, xalqa və dövlətə ziyanlı infeksiyalardır.
Odur ki, prezidentin tapşırıqlarına və bunu necə icra edən məmurların işinə qiymət vermək lazımdır. Bu cərgədə C.Qurbanov öncüllərdən biridir.
Reportyor.info xəbər verir ki, son illər dəmir yolu xətlərinin dəyişdirilməsi və əsaslı təmiri işlərinə də start verilib. Bu müddət ərzində Bakı – Böyük-Kəsik yollarının əsaslı təmiri də diqqət mərkəzində olub.
Azərbaycan tranzit potensialının artırılması üçün də olduqca uğurlu addımlar atılır. Ölkəmizin önəm verdiyi layihələrdən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir.
“Şimal-Cənub” Nəqliyyat Dəhlizinin yaradılması tarixi bir hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Bu layihənin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirdi. Artıq Astara stansiyasından İran sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb, sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.
Bu yaxınlarda isə Bakı Limanında ilk dəfə olaraq tökmə yükün konteyner vasitəsilə daşınması həyata keçirilib.
Bu, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC arasında əməkdaşlıq sayəsində mümkün olub.
Türkmənistandan daxil olmuş 1300 ton karbamid Bakı Limanında inşa edilən və tökmə yükün konteynerə boşaldılmasını təmin edən xüsusi qurğu vasitəsi ilə 62 ədəd 20 funtluq konteynerə yüklənərək Türkiyəyə yola salınıb.
Yeri gəlmişkən, pandemiya dövründə də ADY və sədri C.Qurbanov öz işini axsatmayıb. Elə mayın 5-də “Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə keçən iclasda qlobal pandemiya şəraitində insanların sağlamlığının qorunması, COVİD-19 qlobal pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin, habelə sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması məqsədilə atılan vacib addımlardan danışılıb.
Cəmiyyətin sədri qeyd edib ki, dövlət başçısının qətiyyətli və çevik qərarları, pandemiya ilə mübarizədə vətəndaşların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirməsi tezliklə bu çətinlikdən xilas olacağımıza inam yaradır.
Bildirilib ki, pandemiya şəraitində Azərbaycan dəmir yollarında sərnişindaşımaya məhdudiyyət qoyulsa da, yükdaşınmaları müntəzəm şəkildə yerinə yetirilir.
Yükdaşımaların həcminin artmasında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri vacib rola malikdir.
İclasda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artdığı da diqqətə çatdırılıb. Yüklərin daşınmasında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” MMC və “ADY Ekspress” MMC böyük əhəmiyyət kəsb edir.
O da vurğulanıb ki, 2017-ci ildən daşınan yüklər arasında qeyri-neft məhsulları üstünlük təşkil edir. İclasda sərnişinlərin və dəmiryolçuların sağlamlığının qorunması üçün dəmir yollarında görülən müvafiq profilaktik tədbirlər, dezinfeksiya işləri barədə məlumat verilib.
Qeyd edilib ki, pandemiya şəraitində işə məhdud sayda əməkdaşlar cəlb olunaraq, onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb.
Fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb. Bir sözlə, ADY-nin və C.Qurbanovun fəaliyyəti qatarlar kimi düz, dəqiq və gündən-günə sürətlənməkdədir.
REPORTYOR.info