Azərbaycan müharibənin astanasındadır. Düşmənin hərbi aqressiyası və sülh danışıqlarının tamamilə donması savaş ehtimalını artırır. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, iqtidar-müxalifət arasında bir sənəd imzalanmalıdır: “Bu sənəddə birgə razılaşma imzalanmalıdır ki, münaqişənin hansı yolla həllinin tərəfdarıyıq – müharibə, yoxsa sülh…
Əgər müharibə yolu seçilibsə, dövlət hərbə hazırlaşmalıdır, siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri də insanları bu vəziyyətə hazırlamalıdırlar. Həmin dövrdə siyasi partiyalar öhdəlik götürə bilər ki, siyasi fəaliyyəti, müxalifətçiliyi məhdudlaşdırırıq. Müharibə dövründə görüşlər keçirə, izahatlar verə, könüllülük hərəkatı təşkil edə bilərik.
Partiyalar üzvlərinə müraciət edə bilərlər ki, orduya könüllü yazılsınlar. Ümumilikdə həmin dördə müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər və deyə bilər ki, Qarabağ məsələsində dövlətin yanındayıq”.