Ölkə yollarında xüsusi karantin rejimi ilə əlaqədar qurulan polis postlarında yoxlanışlar gücləndirilib, sərtləşdirilib.
Paytaxtdan regionlara, eləcə də əyalətlərdən şəhərə giriş-çıxışda sürücülər bir-bir saxlanılır, sənədləri yoxlanılır, icazəli olub-olmadıqları araşdırılır.
Bununla bağlı Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva jurnalist müşahidələri aparıb, postlardakı vəziyyəti öyrənib. Saytımıza səfər təssüratlarını bölüşən A.Əliyevanın sözlərinə görə, jurnalist kimi Bakıdan Tovuza qədər müşahidə aparıb.
Baş redaktor qeyd edib ki, Dövlət Yol Polis əməkdaşları tərəfindən nəzarət-yoxlanış ən yüksək səviyyədə təşkil edilib. A.Əliyeva bildirib ki, icazəsi olmayan, üzrlü səbəb gətirə bilməyən, müxtəlif bəhanələr gəzən sürücülər, o cümlədən avtomobillərdə olan sərnişinlər gədikləri yerə geri qaytarılırlar.
“Hətta bədii təsvirlə deyərdim ki, yol polis əməkdaşlarının nəzarətindən kənar quş da uça bilmir. Yəni, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən yollarda hərəkətin məhdudlaşdırılması peşəkar səviyyədə təşkil edilib.
Eyni zamanda post patrul xidməti əməkdaşları tərəfindən yoxlama incəliyinə qədər aparılır. Bəzi sürücülər və sərnişinlər müxtəlif yalanlar, bəhanələr, yollar axtarmağa çalışırlar. Lakin postlarda apardığım müşahidələr zamanı gördüm ki, yol polisi, o cümlədən post patrul xidməti əməkdaşları hər vətəndaşı bir-bir yoxlayırlar”.
A.Əliyeva bildirib ki, xüsusən Yevlax, Şəmkir, Tovuz postlarında yoxlanışı qeyd etmək lazımdır: “Hər üç rayonun yol polis əməkdaşlarına bir təşəkkür düşür. Sözün yaxşı mənasında, işin öhdəsindən layiqincə gəlirlər.
Sürücülər yoxlanılır, karantin rejimini aşkar çəkildə pozanlar inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimələnir, icazəsiz yola çıxanlar saxlanılır. Yevlax, Şəmkir və Tovuz postunda polislərimiz sözün əsl mənasında fədakarlıq edirlər.
Əlbəttə ki, burada Daxili İşlər naziri, cənab Vilayət Eyvazovun, Respublika Dövlət Yol Polisinin rəsi Ramiz Zeynalovun xüsusi diqqəti, tapşırıq və göstərişləri mühüm rol oynayır. Ona görə də bəzi şəxslərin postlardakı vəziyyətlə əlaqədar yaydıqları qeyri-dəqiq informasiyalara inanmamağa çağırıram.
Guya postlarda vətəndaşlara güzəşt edilir, yaxud göz yumulur, bütün bu deyilənlər şayiədir. Mən məhz bir jurnalist müşahidəsi və araşdırması aparmaq üçün bu Tovuza qədər çəkiliş aparmışam.
Həqiqətən də polislərimiz gecə-gündüz fədakarlıq edir, dövlətin və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyələrinə uyğun hərəkət edirlər, koronavirus pandemiyasının yayılmasının qarşısını almaq istiqamətində postlarda böyük əmək sərf edirlər.
Bizim üçün evdə qalmaq, karantinə riayət etmək, şəhərə gəzməyə çıxmamaq nə qədər çətin olsa da, polislərimizin gecə-gündüz postlarda dayanması beş qat ağır bir zəhmətdir.
Onlar bu çətin günlərdə xalqa və dövlətə ən yüksək səviyyədə, qüsursuz xidmət göstərirlər. Bu baxımdan başda cənab Vilayət Eyvazov və Ramiz Zeynalov olmaqla, polislərimizə bir minnətdarlıq düşür”.
REPORTYOR.info
Fotolar müəllifindir