Belə görünür ki, “Aqrolizinq” ən korrupsiyalaşmış strukturlardan biri kimi imicini hələ də qoryub saxlayır.
Virtualaz.org xəbər verir ki, Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti Xidməti “Aqrolizinq” ASC-də yoxlama aparıb və ciddi maliyyə pozuntuları aşkar edib.
Xidmətin bildirdiyinə görə, “Aqrolizinq”də yoxlama 2017-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan dövrü əhatə edib, yoxlama zamanı ciddi mənimsəmə və korrupsiya halları aşkarlanıb.
“Bu pozuntular 2006-2019-cu illər ərzində kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə, texnoloji avadanlıqların alınmasına, göstərilmiş xidmətlərə görə mövcud olan borclara aid olub”, – məlumatda deyilir.
Yoxlamanın gedişində bir sıra təchizatçı şirkətlər və borclular tərəfindən 14.3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına ödənilməsi təmin edilib, dövlət büdcəsinə çatmalı olan 52.4 min manat da ödənilib.
Habelə aqrotexniki xidmətlər göstərən şirkətlər tərəfindən daha 7.5 milyon manatın “Aqrolizinq”ə 2020-ci ilin sentyabrına qədər ödənilməsi üçün vaxt qoyulub.
“Bundan əlavə cins mal-qaranın, texnoloji avadanlıqların alınması üçün 11 milyon 259 min manat alan, amma işləri yerinə yetirməyən bir sıra şirkətlər barədə materiallar yoxlamaq üçün hüquq-mühafizə orqanlarına göndərilib”,-Maliyyə Nazirliyi bildirir. “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.