Müxalifət seçki kampaniyası dövründə birgə mübarizə aparmağa qərar verib.
Reportyor.info xəbər verir ki, bununla bağlı Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədəki statunda bu barədə məlumat verib. A.Hacılı statusunda yazıb ki, Milli Şuranın sədri Cəmil Həsənlinin seçki kampaniyası dövründə birgə ümumxalq mitinqlərinin keçirilməsi ilə bağlı Müsavat Partiyasına və REAL hərəkatına müraciətini xoşməramlı addım kimi qiymətləndiririr.
A.Hacılının yazdığına görə, bu təklif Müsavat Partiyası Məclisinin saxta seçkilərə qarşı real müxalifət qüvvələrinin birgə mübarizəsi qərarı ilə səsləşən təklifdir: “Ən qısa müddətdə Cəmil bəyin bu təklifini dəyərləndirib mövqeyimizi açıqlamaq niyyətindəyik. Bizdən müsbət cavab gözləyin. Bu vətən bizimdir!”
Eks siyasi məhbus Tofiq Yaqublu da statusunda bu mövzuya toxunub və demokratiya uğrunda mübarizə aparanları təbrik edib. T.Yaqublu nəhayət ki, demokratik müxalifətin birgə mitinqinin razılaşdırılmasına sevincini ifadə edib:“Ümidvaram ki, “özünüzü yormayın, alınmayacaq” deyənləri də həmin mitinqdə görəcəyik”.