Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə artıq mart ayının 24-dən etibarən Azərbaycanda xüsusi rejim tətbiq olunur. Sərtləşdirilən xüsusi karantin qaydalarına əsasən, hazırda ölkə ərazisində xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası hərəkət dayandırılıb. Aprel ayının 5-dən etibarən isə vətəndaşların xüsusi səbəb və icazə olmadan evdən bayıra çıxmasına məhdudiyyət qoyulacaq. Hazırda yalnız aptek və ərzaq mağazalarının fəaliyyətinə icazə verilir. Əhali yaxının dəfnində iştirak etmək, dərman almaq və ya zəruri qida məhsullarını əldə etmək üçün evdən bayıra çıxa bilər.
Paytaxt və digər şəhərlərdə, o cümlədən, rayon mərkəzlərində vəziyyət aydındır. Bəs xüsusi karantin müddətində kənd mağazaları necə işləyir? Qıtlıq müşahidə olunurmu? Virtualaz.org bu məqsədlə Şabran rayonunun Pirəmsən kəndində kiçik kənd mağazalarında müşahidə aparıb, dükanlardakı vəziyyətlə maraqlanıb.
Min nəfərə yaxın əhalisi olan kənddə bir neçə kiçik mağaza olsa da, yalnız ikisi daimi olaraq fəaliyyət göstərir. Şəhərdəki marketlərdən fərqli olaraq, burada demək olar ki, növbə olmur. Amma mart ayının sonlarından etibarən kənd mağazalarında da koronavirus ajiotajının alveri qızışdırdığını satıcılar da təsdiqləyirlər.
Kəndin mərkəzində yerləşən mağazanın sahibi Əmrəhməd Məmmədov deyir ki, hələ ki, qıtlıq müşahidə olunmur. Bəzi ərzaq məhsullarının, o cümlədən, unun qiymətində isə artım var: “Mağazada hər şey əvvəl necə satılırdısa, indi də o qiymətə satılır, ərzaqlarda heç bir qıtlıq yoxdur. Yalnız unun qiyməti bir qədər artıb. Məsələn, “Karmen” ununun kisəsi əvvəlkindən təxminən 1 manat 30 qəpik baha satılır. Əslində yerində bu bahalaşma 20-30 qəpikdir. Amma daşınma xərcini də üzərinə gəlsək, belə məbləğ alınır”.
Satıcının sözlərinə görə, elə ən çox tələbat da unadır. Son on gün ərzində kənd mağazasında əvvəllər bir ayda satılan qədər un satılıb. Hər kəsin un ala bilməsi üçün satıcı məcbur qalaraq satışa adambaşı limit tətbiq etdiyini deyir: “ Mağazaya 50 kisə un gətirmişdim, indi 20 kisə qalıb. Normalda ay ərzində 10 kisə un satılırdısa, indi bu qədər un cəmi on gündə satılıb. Bəlkə də, un alıb yığan adamlar ay ərzində onu işlədib bitirə bilməyəcəklər, un qalıb qurdlayacaq… Görünür virus təlaşı insanları buna məcbur edir. Mən də artıq bir nəfərə iki kisədən çox un satmıram, qoy hamı ala bilsin”, – satıcı deyir.
Həmsöhbətimiz bildirir ki, ərzaq mallarından fərqli olaraq mağazada siqaret və kibrit yoxdur. Vitrinə düzülmüş bir neçə qutu siqaretə işarə edərək deyir ki, olan-qalanı bunlardır. Bir neçə gün əvvəl mağaza üçün topdansatış mərkəzlərinə müraciət etsə də, sadalanan məhsulların heç biri tapılmayıb. Yəni hazırda satılanlar anbarda qalan sonuncu siqaret və kibritlərdir.
Kənddəki növbəti mağazada da dolu vitrinlərlə qarşılaşdıq. Satıcı F. İsmayılova bildirir ki, dükanda kifayət qədər ərzaq da var, alıcı da: “Bizim topdansatışlarla heç bir problemimiz yoxdur, niyə qıtlıq olsun ki? Sonuncu dəfə iki gün əvvəl mağazaya mal vurmuşuq. Ərzaqlarda qiymət artımı yoxdur. Bəzi məhsullar, məsələn, soğanın qiyməti 40-50 qəpik bahalaşıb. O da bütün ölkə ərazisində olan artımdır, hər yerdə kiloqramı 1 manat 50 qəpikdən satılır, biz də o qiymətə satırıq. Digər ərzaq və qidalar, o cümlədən, ən çox tələbat olan broyler toyuqları, yağ, kolbasa, şəkər tozu və sair əvvəlki qiymətədir”.
Mağaza sahiblərinə digər kənd sakinlərindən fərqli olaraq, mal gətirmək üçün kənddən çıxışa icazə verilir. Sahibkarlar riskli olsa da, xüsusi karantin müddətində fəaliyyətlərini davam edəcəklərini söyləyirlər. Çünki hazırki məqamda ərzaq mağazaları əhalini zəruri qida və ərzaqla təmin edən strateji əhəmiyyətli obyektlərdir.