“Türk Silahlı Qüvvələri ilə Azərbaycan Müdafiə Nazirliyi arasında işbirliyi uzun tarixə malikdir”.
Reportyor.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, bütün dövrlərdə Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir yerdə olub: “Mən sualların birinə cavab verərkən dedim ki, təkcə 2019-cu ildə 10-dan çox birgə hərbi tədqiqat keçirildi, həm Azərbaycanda, həm də Türkiyədə. Bu il də artıq birinci tədqiqat keçirildi.
Ortaq mərkəzin yaradılması Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə gəlməsi deməkdir, Azərbaycan torpağına gəlməsi deməkdir. Hesab edirəm ki, bu, tarixi hadisə sayıla bilər və bu bizi çox məmnun edir. Qeyd etməliyəm ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması 3 ölkənin müştərək qərarıdır.
Ermənistan, sadəcə olaraq, bununla razılaşmalı oldu. Çünki 10 noyabr bəyanatı imzalananda Ermənistan o durumda deyildi ki, buna etiraz etsin. Ermənistan necə deyərlər, öz hayında idi. Əgər başqa bir siyasi və hərbi durum olsaydı, Ermənistan buna etiraz edərdi.
Ancaq buna etiraz edə bilmədi və biz də dedik ki, bu mərkəz Azərbaycan ərazisində yaradılır, Ermənistanın nə əlaqəsi var bu işlərə? Ona görə bu mərkəzin yaradılması tarixi hadisə sayıla bilər. Bundan başqa siz də dediyiniz kimi, mən də demişdim ki, Türkiyədən böyük heyət gəlmişdi, 100 nəfərdən çox heyət idi. Minalardan təmizlənmə işləri və təlim kursları aparılıb.
Bu, fəaliyyət davam etdirilir. Bundan sonra müxtəlif sahələrdə, hərbi sahədə işbirliyimiz davam etdiriləcək. Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur və biz də Azərbaycanda Türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verildi”.