“Azərbaycan ordusu mətinlik göstərir. Biz torpağımızdan bir qarış da erməniyə verməyəcəyik”.
Reportyor.info xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Kanal13-ə müsahibəsində deyib.
MMP sədri bildirib ki, Azərbaycan itkilərə məruz qalmamalıdır. Onun sözlərinə görə, Ali Baş Komandan ATƏT-in Minsk Qrupuna yalançı danışıqların davam etdirməyəcəklərini söyləyib. Partiya sədri bildirib ki, Türkiyənin qətiyyətli mövqeyini nümayiş etdirməliyik və işğal edilmiş torpaqlarımızdan terrorçular təmizlənməlidir.
H.Hacıyev əlavə edib ki, son proseslərdə ermənilər və onlara himayədarlıq edən güclər hərəkətə keçiblər: “Burada xarici işlər naziri Elmar Məmmədyarovun da xalqa siyasi xəyanəti var. Məmmədyarov təcili həbs olunmalıdır. Çünki danışıqlar prosesində Azərbaycanın xeyrinə bir addım irəli getməmişik, xarici işlər naziri heç bir iş görməyib”.
Partiya sədri bildirib ki, ölkədə “5-ci kolon” fəallaşıb: “Bu hadisələrdə Ramiz Mehdiyevin iç üzü açılır. Eləcə də Elmar Məmmədyarovu deməliyəm. Ramiz Mehdiyevlə Elmar Məmmədyarovun telefon danışıqları nəzarət altına alınmalıdırlar”.
H.Hacıyev deyib ki, R.Mehdiyevin trol dəstəsi Azərbaycanda təxribatla məşğuldur: “Mən 10 il qabaq “Xüral” qəzetinə verdiyim müsahibədə bu həqiqətləri söyləmişəm. Mehdiyevin böyük şəbəkəsi var.
O, Moskvadan başqa heç bir paytaxta səfər etməyib. O, İlham Əliyevin iqtidara gəlməsinə qarşı idi. Bu adamın ermənilərlə qohuluğu, əlaqələri var, Sevan gölü ətrafında biznesi var”.
MMP sədri AXCP sədri Əli Kərimlini, Milli Şura sədri Cəmil Həsənlini də tənqid edib və qəti addımlar atılmalı olduğunu qeyd edib.