Nazirlər Kabineti şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələrin siyahısını yayıb, həmin siyahıda taksi xidməti yoxdur.
Reportyor.info xəbər verir ki, bu səbəbdən həftə sonları metro və ictimai nəqliyyatla yanaşı, taksi xidmətinin də fəaliyyət göstərməyəcəyi düşünülür.
Bununla bağlı olaraq “MediaPost” müvafiq qurumlarla, o cümlədən taksi şirkətlərindən birinin rəhbəri ilə əlaqə saxlayıb.
Nazirlər Kabinetindən taksi fəaliyyəti barədə qərar şərh edilməsə də, qurumun sözçüsü İbrahim Məmmədov bəzi mətbu orqanlara şənbə-bazar günü qadağanın tətbiq olunduğunu təsdiq edib. İ.Məmmədov “MediaPost”a açıqlamasında isə bildirib ki, dəqiqləşmədən sonra bu haqda məlumat verəcək.
Bakı Nəqliyyat Agentliyi (BNA) isə öz növbəsində “MediaPost”a açıqlamasında qərardan xəbərsiz olduğunu söyləyib. Lakin qurumun mətbuat katibi Mais Ağayev geridönüş edərək xəbər saytlarında qadağa qərarı ilə tanış olduğunu bildirib.
Eyni zamanda taksi şirkətlərindən birinin direktoru “MediaPost”a açıqlamasında şənbə-bazar qadağasından məlumatsız olduğunu və bununla bağlı xüsusi tapışırığın olmadığını bildirib.