Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov keçmiş kadrına meriyada yüksək vəzifə verib.
Reportyor.info Publika.az-a istinadən xəbər verir ki, Eldar Əzizov Nərimanov İcra Hakimiyyətində təsərrüfatı şöbəsinin müdiri işləyən Rəşid Ağayevi BŞİH-in ən vacib sahəsinə – Əsaslı Təmir və Tikinti Şöbəsinə müdir təyin edib.
Strateq.az bildirir ki, Eldar Əzizov 2000-ci ildə Nizami rayonunun icra başçısı təyin olunandan sonra Rəşid Ağayevi rayon Mənzil-Kommunal Tikinti Birliyinin rəisi vəzifəsinə gətirib.
Xatırladaq ki, həmin vaxt Rəşid Ağayev Kürdəmir rayonunda eyni adlı vəzifənin rəhbəri olub. O, 2003-cü ilədək – Eldar Əzizov Gəncənin icra başçısı göndərilənə qədər qeyd edilən birliyin rəisi olub.
Eldar Əzizovdan sonra Nizaminin icra başçısı olan Abdin Fərzəliyev də ona etimad göstərib. Tərəflər arasında münasibətlər o qədər dərinləşib ki, A.Fərzəliyev Nərimanova icra başçısı göndəriləndə, Eldar Əzizovdan fərqli olaraq, Rəşid Ağayevi unutmayıb. Belə ki, o, Rəşid Ağayevə Nərimanov İH-də yüksək vəzifə verib.
Yeri gəlmişkən, Rəşid Ağayevin adı həm Nizami, həm də Nərimanov rayonunda tikintilərə rəsmi və ya qeyri-rəsmi rəhbərlik edən əsas şəxslərdən biri kimi hallanıb.