“EKONOM-KLASS”DA UÇAN, 65 KVADRATLIQ EVDƏ YAŞAYAN, PİZZASINI ÖZÜ ALAN KANSLER…- Siyasətə 16 yaşında gəlmiş ən gənc hökumət başçısı

27 Fevral 2019 - 01:07
175 oxunma

Avstriya kansleri Sebastyan Kurts dünyanın ən gənc hökumət başçısıdır. Serb kökənli Kurts 1986-cı ildə Avstriyanın paytaxtı Vyanada anadan olub. Ana nənəsi Maqdalena Müller 1928-ci ildə Serbiyada (keçmiş Yuqoslaviya) doğulub. İkinci dünya müharibəsinin başlanması ilə dövlət bir-biri ilə savaşan hissələrə ayrılıb. Və 1944-cü ilin sonlarında gələcək kanslerin nənəsi ailəsi ilə birlikdə Avstriyaya sığınıb. Maqdalena Müller Avstriyadakı kəndlərin birində yaşamağa başlayıb və orada yerli sakinlərdən olan Alois Dexlerlə ailə həyatı qurub.

Sebastyanın atası Yozef mühəndis, anası Elizabet məktəb müəlliməsi olub. Müsahibələrinin birində Kurtsdan, belə qısa vaxtda bu cür böyük karyera qura bildiyi üçün özünü doğuşdan şanslı hesab edib-etmədiyini soruşublar. Bu suala cavabında Kurts sıradan bir ailədə doğulduğu, hər şeyə özü nail olduğu cavabını verib.

Anasının dediyinə görə, Sebastyan uşaqlıqdan ürəyiaçıq, mərhəmətli, alicənab, lakin eyni zamanda da tələbkar olub. Orta məktəbdə yaxşı qiymətlər alan gələcək kansler gimnaziyanı əla qiymətlərlə başa vurub. Və bəlağətli nitqinə görə müəllimlərin yaddaşına həkk olunub.

Özünün dediyinə görə, oxuduğu sinifdə şagirdlərin yarısı immiqrantlar olub. Ailəsi isə həmin illərdə bosniyalı qaçqınları evinə dəvət edərək onlara alman dili öyrədib. Bəzi jurnalistlər Kurtsu millətçi olmaqda ittiham etsələr də, görünən odur ki, o, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinə tolerant yanaşmağı uşaqlıqdan öyrənib.

Attestat alandan sonra Sebastyan hərbi xidmətə yollanıb. Avstriyada sağlamlığı qaydasında olan bütün gənclər üçün hərbi xidmət məcburidir. Vətənə borcunu verəndən sonra Vyana Universitetinin hüquq fakültəsində təhsil almağa qərar verib. Lakin universitetin diplomunu almaq ona bugünədək nəsib olmayıb. Buna vaxtının böyük hissəsini siyasətə həsr etməsi səbəb olub.

Sebastyan aktiv siyasətə yeniyetmə yaşlarından maraq salıb. 16 yaşında sağ mühafizəkar Avstriya Xalq Partiyasına daxil olmaq istəyib. Lakin yaşının azlığını əsas gətirərək onu partiyaya qəbul etməyiblər. Gələcək siyasətçi inadından əl çəkməyərək partiyanın başqa ərazi üzrə şöbəsinə müraciət edib və müsbət cavab alıb.

2005-ci ildə atası işsiz qalanda Kurts siyasətlə məşğul olacağına dair qəti qərar qəbul edib. Dediyinə görə, həmin il ailəsi imkansızlıqdan bayram süfrəsi belə, aça bilməyibmiş. Ailənin ağır maddi vəziyyətinə görə Kurts bir ilə yaxın ofisiant və tennis üzrə məşqçi kimi də çalışıb.

Kurts 23 yaşında partiyanın gənclər qanadının rəhbəri olub. 2010-cu ildə Vyanada şəhər sovetinə seçilib. Seçkidə qələbə qazanmaq üçün çoxlarının siyasətçiyə qüsur hesab etdiyi metoda əl atıb. Gənc və gözəl qızların əhatəsində, qara avtomobillə bütün Vyananı dolaşıb və potensial seçiciləri əyləncəli yığıncaqlara dəvət edib. Həmin yığıncaqlarda isə qonaqlarla siyasətə və öz siyasi baxışlarına dair söhbətlər aparmağa başlayıb.

Şəhər sovetində yer alandan sonra Kurts işinə daha ciddi yanaşıb və nüfuzu getdikcə artmağa başlayıb. Bir il sonra inteqrasiya məsələləri üzrə katib təyin olunub. Avstriya hökumətinin üzvləri bu vəzifəni məhz Kurtsa görə – perspektivli gəncə kömək məqsədilə təsis ediblər. 2013-cü ildə Kurts Avstriyanın xarici işlər naziri təyin edilib və dünya üzrə ən gənc XİN rəhbəri olub.

2017-ci ildə növbədənkənar parlament seçkilərində Avstriya Xalq Partiyası səslərin çoxunu qazanıb. Həmin vaxt Kurts artıq partiyanın lideri idi. Beləliklə, seçkinin nəticəsi olaraq federal kansler vəzifəsi Sebastyan Kurtsa təklif olunub.

Kurts hələ rəsmən nikaha girməyib. Lakin onun yaxın illərdə ailə həyatı quracağı ehtimal edilir. Kurts uzun müddətdir Suzanna Tir adlı xanımla vətəndaş nikahında yaşayır. Suzanna Sebastyanla eyni məktəbdə oxuyub.

Cütlüyü ilk dəfə birlikdə Kurts partiyanın sədr müavini seçiləndə görüblər. Həmin iclasda Suzanna Kurtsla birlikdə ilk sırada əyləşmişdi.

Suzanna Tir iqtisadiyyat üzrə təhsil alıb və hazırda Avstriya Maliyyə Nazirliyində işləyir. Göz önündə olmağı çox sevməyən Suzanna bununla belə, evlilik təklifi alacağı təqdirdə, birinci ledi olmağa razılıq verəcəyini deyir.

Müsahibələrinin birində Suzanna Sebastyanla münasibətlərinin ciddi olduğunu və onunla ailə qurub övlad sahibi olmaq istədiyini bildirib. Toylarını isə dar çevrədə keçirməyi arzuladığını deyib.

Kansler seçiləndən sonra Kurts əvvəlki yaşayış yerini dəyişməyib və hazırda da doğma Maydlinq rayonunda, 65 kvadratmetrlik mənzildə Suzanna ilə birgə yaşayır. Suzannanın dediyinə görə, evdə o, kansler yox, adi Sebastyandır.

Avstriya kanslerinin ən sevdiyi məşğuliyyət idmandır. Gənc yaşlarında tennis və alpinizmlə məşğul olan Kurtsun futbola da marağı olub. Dəfələrlə həvəskar oyunlarda meydana çıxıb.

Gənckən Kurts yığıncaqlarda, bar və diskotekalarda vaxt keçirməyi sevirmiş. Dediyinə görə, indi əvvəlki kimi rəqs gecələrinə, klublara getmək üçün vaxtı yoxdur. Lakin kansler bir adətini heç vaxt pozmur. Hər il oktyabrın əvvəllərində köhnə dostlarını Vyanadakı restoranların birinə toplayır.

Bazar günləri adətən fermaya – nənəsinin yanına gedən Kurts yaxınları ilə vaxt keçirməyə böyük dəyər verdiyini deyir.

Hökumət rəhbəri sosial şəbəkələrdə olmağı sevir. Onun bir çox məşhur şəbəkələrdə hesabı var. Kurts orada həm rəsmi, həm qeyri-rəsmi yerlərdə çəkdirdiyi şəkillərini də paylaşır. Avstriya kansleri xüsusən uşaqlarla şəkil çəkdirməyi sevir. Hətta bir dəfə etiraf edib ki, uşağa baxmaq üçün məmnuniyyətlə məzuniyyət götürər.

Müxtəlif ölkələrin mətbəxlərini sevən kansler işdən sonra çox rahat şəkildə özü pizza almağa gedir. “Ekonom-klass”da uçmağa üstünlük verən Kurtsu hətta loukosterin göyərtəsində görənlər olub. “Biznes-klass”dan isə cəmi bir dəfə – Çinə səfəri zamanı istifadə edib.

Katolik inancına sahib olan Kurts üçün ən vacib bayram Milad bayramıdır: “Bu mənim üçün ailəvi bayramdır. Çoxlu qohumlarım var və onları təəssüf ki, az-az görürəm. Lakin Milad bayramında bir araya gəlirik. Bayramı belə keçirməyi çox sevirəm”.

Hazırladı: G.Hüseynova

Strateq.az

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"