Dünya Bankı Azərbaycanı “kölgə iqtisadiyyatını” rəsmiləşdirməyə çağırır: “Vergilərin ÜDM-də xüsusi çəkisi cəmi 14 faizdir”

26 Fevral 2019 - 00:37
31 oxunma

“2018-ci ildə Azərbaycanın vergi gəlirləri ÜDM-in 14 faizini təşkil edib. Bu, neft-qaz və təbii resurslar əsasında formalaşan iqtisadiyyata malik digər ölkələrlə müqayisədə orta göstəricidir”

Strateq.az vergilər.az-a istinadən bildirir ki, bu sözləri Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi Bakıda keçirilmiş vergi forumunda çıxışı zamanı deyib.

Məsələn, Qazaxıstanda ötən il vergilərin ÜDM-də xüsusi çəkisi 23 faiz, Rusiyada isə 30-35 faiz təşkil edib. Bu mənada, Azərbaycan qeyri-rəsmi, qanundankənar proseslərin qarşısını almaq, onların rəsmiləşdirilməsinə nail olmaq və beləliklə, “kölgə iqtisadiyyatı”nın xüsusi çəkisini azaltmaq üçün çox iş görə bilər”.

Dünya Bankının rəsmisi vergi xərcləri proqramının hazırlanması ilə bağlı tövsiyələrini də səsləndirib: “Zənnimcə, kritik əhəmiyyət kəsb edən məsələ odur ki, biz vergidən azadolmaları düzgün təhlil edərək xərclərin büdcəsini hazırlamalıyıq. Azərbaycan hökumətinin konkret olaraq vergi güzəştləri ilə bağlı əldən çıxan gəlirlər haqqında məlumatı olmalıdır. Bu, dəqiq hesablanmalıdır. Həmin hesabatlar daha çox Vergi Məcəlləsinin fonunda öz əksini tapmalı, vəsaitlər vergi xərcləri kimi qeydə alınmalıdır. Şəffaflığın artırılması nəzərə alınmaqla hər kəs bilməlidir ki, güzəşti nə üçün və hansı müddətə əldə edib. Vergi güzəştlərinin faydaları lazımınca təhlil olunmalıdır. Vergi xərcləri proqramı bu təhlillər əsasında hazırlanmalıdır”.

N.H.Naqvi artıq bununla bağlı hökumətin müəyyən addımlar atdığını qeyd edib. Bildirib ki, ölkədə ciddi vergi islahatları aparılır və hiss olunur ki, miqyası davamlı olaraq genişlənəcək. Digər tərəfdən, Maliyyə Nazirliyində ortamüddətli xərclər çərçivəsi hazırlanır, fiskal qaydalar gündəmə gəlir və getdikcə Azərbaycan hökumətində sistemli yanaşma formalaşır: “Biz müxtəlif təşəbbüslər və iqtisadi şaxələnmə layihələri üzrə Azərbaycan hökumətinin tərəfdaşı olmaqda davam edəcəyik və iş birliyi əzmindəyik. İqtisadiyyat təkcə neft üzərində deyil, həm də qeyri-neft sektorunda çalışan sahibkarların gücü üzərində qurulur. Ümid edirik ki, bu forum ənənə halını alacaq, vergi siyasəti və vergi inzibatçılığı istiqamətində məsələlər birgə müzakirə ediləcək”.

N.H.Naqvi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması məsələsinə toxunaraq bildirib ki, bu məsələ Dünya Bankının da diqqət mərkəzindədir: “Düşünürəm ki, vergi yükünün artırılmasından əvvəl “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması doğru müəyyənləşdirilmiş prioritetdir. Dünya Bankı Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə forum keçirəcək. Burada da əsas müzakirə mövzusu özəl sektorun şaxələndirilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması olacaq. Bu məsələlərlə bağlı qlobal səviyyədə ekspertlərlə birlikdə müzakirələr aparacağıq”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"