Tanınmış blogger Əvəz Hafizliyə peşə fəaliyyətini həyata keçirərkən hücum edən və müxtəlif dərəcəli bədən xəsarətləri yetirən şəxs polis tərəfindən saxlanılıb. Bununla bağlı Reportyor.info-ya məlumat verən Ə.Hafizli Daxili İşlər Nazirliyi rəhbərliyinə təşəkkürünü bildirib.
Blogger başda nazir Vilayət Eyvazov olmaqla bu işdə xüsusi həssaslıq göstərən DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidova minnətdarlıq edib.
Onun sözlərinə görə, paytaxtın Nərmanov rayon İcra Hakimiyyəti qarşısında bir qrup şəxsin problemi ilə bağlı çəkiliş apararkən tanımadığı şəxs ona hüum edib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, sonra ərazidən uzaqlaşıb.
Blogger məsələ ilə əlaqədər DİN 102 xidmətinə məlumat verib, polis əməkdaşları jurnalistə olan zorakılıq faktının araşdırılması üçün dərhal hərəkətə keçiblər.
Ə.Hafizli qeyd edib ki, Nərimanov Rayon Polis Şöbəsinin (RPŞ) 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Nuran Əliyevi saxlayaraq bölməyə gətiriblər.
Bölmədə törətdiyi əməli etiraf edən N.Əliyev peşmançılığını dilə gətirib, hadisə zamanı affekt vəziyyətində olduğunu söyləyib.
Saxlanılan şəxs deyib ki, bir neçə gün sonra hərbi xidmətə yollanacaq deyə psixoloji cəhətdən özünü yaxşı hiss etməyib və bu addımı atıb. Onun əsgərliyə gedəcəyini öyrənən Ə.Hafizli gəncdən şikayətçi olmadığını bildirib.
Blogger baş vermiş hadisəni diqqətdə saxladığı üçün DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidova və Nərimanov rayonu 18-ci polis bölməsinin rəisi Bayram Əliyevə dərin minnətdarlığını bildirib.