“Dördüncü hakimiyyət”in “avqust blokadası” -Müstəqil media olmadan inkişaf etmiş cəmiyyət qurmaq mümkünsüzdür

15 Avqust 2018 - 23:03
337 oxunma

Kimlərsə öz şəxsi maraqları naminə dövlətin imicini, siyasi kursunu zərbə altına qoymamalıdır

Son günlər ölkədə fəaliyyət göstərən bir çox məhşur saytların ard-arda qapadılması, bloklanması əsas müzakirə predmeti olaraq qalır. Əsas xəbər saytlarından biri olan APA, eləcə də holdinqə daxil olan digər saytların, ardınca isə başqa saytlara girişin qapadılması media sahəsində çaşqınlıq yaradıb. Dördüncü hakimiyyət özünün ən çətin dönəmlərindən birini yaşayır desək yəqin ki, yanılmarıq.
Ümumiyyətlə media siyasəti dövlətin ən həssas nöqtələrindən biridir. Azad mətbuatın mövcudluğu demokratik inkişafın, demokratik cəmiyyətin təməl prinsiplərindəndir. Bu gün Azərbaycanda yüzlərlə çap və elektron medya vasitələri fəaliyyət göstərir. Etiraf edilməlidir ki, bunların sırasında jurnalist adına ləkə vuranlar da az deyildir. Amma, böyük əksəriyyəti mövcud şərtlər daxilində xalqa, dövlətə xidmət edən, bütün çətinlklərə rəğmən varlığını qoruyub saxlayan medya orqanlarıdır. Dövlət tərəfindən də mətbuatın inkişafına zaman-zaman dəstək verilib. Jurnalistlər üçün yaşayış binalarının tikilməsi, yüzlərlə qələm əhlinin pulsuz mənzillərlə təmin olunması buna nümunədir. Dövlət başçısı şəxsən medya mənsublarının normal fəaliyyət göstərməsi, Azərbaycan mətbuatının inkişafı üçün hər zaman qayğı göstərib. Lakin, bəzən müəyyən maraqlı qüvvələr azad mətbuatın, elektron KİV-lərin üzərindən manipulyasiyalar edir, çox zaman onların fəaliyyətinə əngəl törədirlər. Təəssüf ki, belə addımlar çox zaman Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurur.

“Dördüncü hakimiyyət”in “avqust blokadası” -Müstəqil media olmadan inkişaf etmiş cəmiyyət qurmaq mümkünsüzdür

Bir neçə gün öncə Az24saat.org , Xural.com, Arqument.az və Anaxəbər.az saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti əsasında bloklanmışdı. Daha sonra saytların məhkəməyə apelyasiya şikayətindən sonra onların fəaliyyəti bərpa olunsa da anaxəbər. az saytının bloklanması hələ də davam edir. Saytın rəhbərliyi məhkəməyə apelyasiya şikayəti ilə müraciət etsə də hələ ki, müsbət nəticə əldə olunmayıb. Hazırda saat 15:00 radələrində mövzu ilə bağlı Helsinki Vətəndaş Assambleyasında mətbuat konfransı keçirilir.

“Dördüncü hakimiyyət”in “avqust blokadası” -Müstəqil media olmadan inkişaf etmiş cəmiyyət qurmaq mümkünsüzdür

Göründüyü kimi saytların qapadılması, bloklanması prosesi təəssüf ki, hələ də davam etməkdədir. Hansısa qrupların maraqlarının toqquşmasının, mübarizəsinin zərbəsi sonda mətbuata dəyir. Belə addımlar cəmiyyətdə birmənalı qarşılanmır, çaşqınlıq yaradır. Həmçinin qeyd etdiyimiz kimi Azərbaycan dövlətinin demokratik imici zədələnir. Biz cəmiyyətin inkişafını istəyiriksə, güclü mətbuat yaratmalıyıq, jurnalistlərə hörmət qoyulmalıdır. Məmurların, hökumət üzvlərinin, ümumiyyətlə, cəmiyyətimizin təmsilçilərinin tənqidə dözümü olmalıdır. Hər adi tənqidin arxasında dərhal hansısa marağın durduğu qənaətinə gəlmək düzgün deyil. Ölkə başçısı jurnalistlərlə keçirilən görüşdə “Jurnalistlər mənim köməkçilərimdir” fikirini səsləndirmişdi. Bu jurnalistlərə verilmiş ən böyük qiymət hesab olunmalıdır. Digər məmurlar, millət vəkilləri, nazirlər də bu sözlərdən nəticə çıxarmalı, mediaya məhz bu prizmadan yanaşmalıdırlar. İstənilən mətbuat nümayəndəsinə , KİV-ə qarşı təzyiq yolverilməzdir. Kimlərsə öz şəxsi maraqları naminə dövlətin imicini, siyasi kursunu zərbə altına qoymamalıdır.
Bəli, öz qələminə, peşəsinə hörmət qoyan hər bir jurnalist prezidentin köməkçisidir. Müstəqil media olmadan inkişaf etmiş cəmiyyət qurmaq mümkünsüzdür. Odur ki, azad mətbuata, KİV-ə olan belə müdaxilələr dayandırılmalı, “dördüncü hakimiyyətin” normal fəaliyyəti təmin olunmalıdır !

Nicat Mahmudov

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - [email protected]



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - [email protected]

Giriş | Hazırladı "Qurdqanlı Design"