DEPUTATLA PARTİYA SƏDRİ ARASINDA QARŞIDURMA – Bir-biri haqda ağır ifadələr işlətdilər

15 Avqust 2019 - 20:44
109 oxunma

Xeyli müddətdir mətbuat vasitəsilə bir-birinin ünvanına ağır ittihamlar yağdıran millət vəkili Fazil Mustafa və ADP sədri Sərdar Cəlaloğlu arasındakı mübahisə getdikcə qızışır. Artıq tərəflər bir-birini təhqir etməkdən belə çəkinmirlər. Xatırladaq ki, F.Mustafa ilə S.Cəlaloğlu arasındakı bu polemika əsas etibarilə birincinin Şah İsmayıl Xətai barədə söylədiyi tənqidi fikirlərdən sonra başlayıb.

Son olaraq, S.Cəlaloğlu “Musavat.com”-a açıqlamasında F.Mustafanı hətta FETO-çu olmaqda günahlandırıb: “Fazil Mustafanın FETO-çularla əlaqəsinin olmasını onun özünə də sübut edərəm, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə də, Türkiyə təhlükəsizlik orqanlarına da sübut edərəm. Mən bu barədə Dövlət Təhlükəsizlik Komitəsinə məktub yazırdım, Fazil Mustafanın nurçularla əlaqəsi araşdırılsın. Sadəcə dostlar xahiş etdi ki, yazma…”

fazilF.Mustafa isə son statusunda S.Cəlaloğluna çox sərt formada cavab verib: “ Sərdar Cəlaloğlu iddia edir ki, Fazil Mustafanın FETO-çu olduğunu sübut edəcəyəm. Bu cür iddiada olanlara indi və bundan sonra da qısa və açıq mesajımı göndərirəm: öz adıma deyirəm, FETO-çu olan namussuzdur, nakişidir. Dəfələrlə bu böhtanı səsləndirən Sərdar Cəlaloğlu da bunu sübut etməsə namussuzdur, nakişidir. Deyir ki, bu barədə bir dəfə yazmaq istədim MTN-ə, dostlar qoymadı. Ay-hay. Sən satdığın adamlar haqqında məlumatları yazanda dostları eşidəydin bari…”

F.Mustafa həmçinin S.Cəlaloğlunu PKK ilə əlaqələrdə günahlandıraraq, partiya sədrinin onun hökumətin yanında olmasına dair ittihamlarına da cavab verib: “Bu ifadələri PKK-çı Dilanın Azərbaycan siyasətinə sırıdığı, sonralar özünü dəfələrlə Nobel mükafatına namizəd elan etmiş Sərdar Cəlaloğlu işlədib… Sadəcə, bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı. Demək, Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir… O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir, Qüdrət bəyin yanına. Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü? Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi. Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir”.

1496908935_serdarS.Cəlaloğlu isə PKK ilə əlaqələrinə dair deyilənləri təkzib edib : “Mən özüm Dövlət Təhlükəsizlik Komitəsinə müraciət etmişdim ki, bizim 1992-ci ildə Naxçıvanda PKK-çılarla görüşümüz araşdırılsın, orada kimlər iştirak edib, nələr müzakirə olunub. Bunu mətbuata da mən özüm demişəm. Bizə o zaman demişdilər ki, Türkiyədən qonaqlarınız var. Bizim də Türkiyəyə məhəbbətimiz vari idi, görüşdük və danışarkən məlum oldu ki, onlar PKK-nın nümayəndələridir. Məndən öncə oradakı bütün siyasi partiyalarla da görüşmüşdülər. Mən bunu gizlətmirəm, mətbuata danışmışam. Türkiyəyə də demişdim ki, PKK Azərbaycanda sizin əleyhinizə işlər aparır, mənimlə də görüşdülər, təkliflər verdilər. Azərbaycanda Türkiyə əleyhinə olan hər bir adamının qurduğu əlaqələri Türkiyədə əzbər bilirlər, Fazil Mustafa narahat olmasın. Mənim faktım olmasa, danışmaram”.

Partiya sədri hər ay hökumətdən 10 min dollar pul almasına dair ittihamlara cavab verərkən isə söyləyib ki, bu vəsait Avropa Məhkəməsinin qərarı ilə ona ödənilən cərimələrdir: “Hökumət mənim hesabıma 80 min avro pul köçürüb. Mən Avropa Məhkəməsində 4 dəfə hökuməti udmuşam və bu pul da ona görə verilib. Bir dəfə ödəmə gecikdi və mən buna görə maraqlanmışdım ki, niyə pulumuzu ödəmirlər. Bunu hökumət məmurundan pul almaq kimi yozurlar. Ancaq həmin pullar mənə bank vasitəsilə rəsmi şəkildə köçüb. Eyni pulu Avropa Məhkəməsinin qərarı ilə Əli Kərimli də alıb, İsa Qəmbər də, digər siyasi liderlər də… Bu ödəniş aylıq olmayıb, ayrı-ayrı vaxtlarda 10 min-10 min köçürüblər. Bu pullar Prezident Aparatının Avropa Məhkəməsinin qərarları ilə bağlı nümayəndəsi Çingiz Əsgərov vasitəsilə verilib, ondan da soruşub, dəqiqləşdirə bilərsiniz. Axırıcı dəfə hökuməti Avropa Məhkəməsində udduq, bizim pulumuzun bir hissəsini köçürmədilər. Ona görə də müraciət etdim ki, maraqlanın görək, niyə bu cərimələri ödəmirlər. Qüdrət Həsənquliyevin bunu bu cür danışması, qəbuluma gəldi, boynunu burdu, filan deməsi onun başından yekə danışmasıdır”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"