Tovuz döyüşlərinin səngidiyi bir ərəfədə Türkiyə ordusu Azərbaycandadır. İki ölkə birgə hərbi təlimlər keçirir və 11 min türk hərbçi ölkəmizə təşrif buyurub.
Görəsən, bu, daha öncədən planlanan prosesdir, yoxsa, Tovuz döyüşündən sonra Türkiyənin və NATO-nun reaksiyasıdır?
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirib ki, Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün ortaq maraqları var. Onun fikrincə, bu əməkdaşlıq dünyanın bir çox ölkələrini və NATO-nu maraqlandıran strateji layihədir.
“Tovuz hadisələri göstərdi ki, Azərbaycanın strateji nöqtəsini işğal etmək istəyirdilər. Ona görə də təkcə bu hadisəyə görə deyil, ümumiyyətlə, Türkiyə Azərbaycanla strateji müttəfiqliyi sistemli formalaşdırır. Söhbət təhlükəsizliyə qarşı birgə xəttimizin olmasından gedir və məqsəd bölgədə əmin-amanlıq yaratmaqdır. Bu da təbii ki, təcavüzkar Ermənistanı və havadarlarını qıcıqlandırır”, – deyə deputat qeyd etdi. A.Mollazadə hesab edir ki, iki ölkə arasındakı əməkdaşlıq dünyanın bir çox ölkələri tərəfindən dəstəklənir və Tovuz döyüşləri bölgədə stabilliyə qarşı hansı qüvvənin olduğunu üzə çıxardı:
“Rusiya və İran hərbi təlimlərə rəsmi münasibət bildirməməklə göstərmək istəyir ki, onlar heç də hər zaman Ermənistana dəstəkləmirlər. Mən gözləmirəm ki, Moskvadan və Tehrandan bəyanat olacaq. Çünki Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri beynəlxalq hüquq normalarına uyğun keçirilir”.