Deputat Aqil Abbas Prezidentin Gəncədəki çıxışını şərh edərkən “Yeni Müsavat”a bildirdi ki, dövlət başçısı məsələni dəqiq qoydu: “Dedi ki, maska taxmasalar, karantin qaydalarına əməl etməsələr, cəzalar sərtləşdirilə bilər. Çünki cənab İlham Əliyev özü və xanımı maska taxır, onlardan artıqsınız? Mən hesab edirəm ki, bu prosesə ziyalılar, hörmətli Şeyxülislam qoşulmalıdır, xalqa çağırışlar olunmalıdır. Yəni cəmiyyətin inandığı, qəbul etdiyi simalar milləti maska taxmağa, sosial təcridə əməl etməyə çağırmalıdır.
İnsanlar hansısa şou adamına niyə inansınlar? Çin, Amerika, Rusiya kimi nəhəng dövlətlər bu bəlanın əlindən xilas ola bilmirsə, görün, bizim vəziyyətimiz nə ola bilər? Ona görə hər kəs öz məsuliyyətini anlamalıdır və Prezidentin çağırışına qoşulmalıdır, maska taxmalı, dezinfeksiya etməlidir. Bizim insanlar gözləyirlər ki, hər evdən biri ölə, onda inansınlar. Əsasən də yas məclislərində qadınlar öpüşüb-görüşürlər. Olmaz axı!
Gözümüzün qabağında Türkiyə, Rusiya, İran, Avropa, Amerika koronavirusun əlində giriftar qalıb, bizim camaat hələ də fikirləşir ki, görəsən, bu epidemiya var, ya yoxdur”.
Deputat bununla belə, Operativ Qərargahın da yanlışlıqlara yol verdiyini düşünür: “Mən statistikaya baxdım, səhv etmirəmsə, 578 min adama işləmək icazəsi verilib. Bundan əlavə, 54 min dövlət qulluqçusu var. Üstəlik, 1 milyon 700 mindən çox vətəndaş icaze-gov.az-da qeydiyyatdan keçib və hərəkət icazəsi alıb.
İnsanlar isə ehtiyac oldu-olmadı küçəyə çıxırlar. Hamının evinin yanında market var, bəs lazımsız yerə çöldə nə gəzirsən? Amma sərt karantin dövründə 2 saatlıq icazə verilməsi də azdır. Çünki bir adam Yasamaldan Əhmədliyə gedirsə, 2 saata işini çatdıra bilməz. Ümumiyyətlə, Operativ Qərargah qadağaları düzgün tətbiq edə bilmədi. Məsələn, “Mall” deyilən iri ticarət mərkəzlərini açmaq kimə lazım idi? Toylar yoxdursa, geyim-keçim almırsansa, “Mall”ların açılmasına ehtiyac yox idi. Bundan başqa, həftəsonu karantini səhv idi, ondansa bu sərt karantin düzgündür. Həmçinin ictimai nəqliyyatda intervalı artırmaq, avtobusları çoxaltmaq lazımdır”.
A.Abbas qeyd etdi ki, ona “Xalqın 99 faizi Allaha inanmır, koronavirusa necə inansın” sözünə görə irad tutublar: “Mənə dedilər ki, millətin 99 faizi Allaha inanır. Amma Allah buyurur ki, spirtli içki haramdır, rüşvət alma, yalan danışma, kiməsə quyu qazma, aldatma, xəyanət etmə və s. Əgər biz buna əməl etmiriksə, Allaha inamsızlıqdır. Mən bu kontekstdə fikrimi söyləmişdim ki, insanlar virusa necə inansınlar”.