Avqustun 31-dək kafe-restoranlar, “Mall”lar, kiçik geyim dükanları, o cümlədən metro fəaliyyət göstərə bilməyəcək. Eyni zamanda, həftəsonu ictimai nəqliyyat işləməyəcək.
Habelə, toy-yas, bölgələrə gediş-gəliş qadağası qüvvədə qalır, uşaq əyləncə mərkəzləri, kinoteatrlar, sərgi zalları, muzeylər, idman-sağlamlıq mərkəzləri həmin tarixə qədər qapalı olacaq.
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bu mövzuda qeyd edib ki, hər birimiz yoluxma statistikası ilə maraqlanırıq və xəstələnənlərin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edirik. Onun sözlərinə görə, yoluxma tempi getdikcə azalacaq və səbəb məhz sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır.
“Ölkənin 13 şəhər və rayonunda SMS icazə sisteminin tətbiqi, əhalinin sıx toplaşma yerlərinə məhdudiyyət qoyulması öz müsbət nəticəsini verir. Ona görə virusa yoluxmanın azalmağa doğru getdiyi vaxtda karantini tamamilə götürməklə may ayındakı yoluxmanı təkrarlaya bilərik, hətta gündəlik xəstə sayı bir neçə mini ötə bilər. Necə ki, bəzi ölkələr pandemiyanın ağır təsirlərini yaşayır”, – deyə deputat vurğuladı.
A.Mirzəzadənin fikrincə, Operativ Qərargahın karantini uzatması yoluxma tendensiyasını tamamilə sıfıra endirməyə hesablanıb: “Biz sentyabrın əvvəlinə qədər yoluxanların minimuma enməsini görə bilərik. O zaman bir çox iş yerləri də açıla, müəyyən məhdudiyyətlər də aradan götürülə bilər.
Bu gün yalnız SMS icazənin ləğvi və çimərliklərin açılması qərarı göstərir ki, məsələ Nazirlər Kabinetinin nəzarətindədir və bizə tələsik karantin rejimini götürmək yox, xəstəliyi tamamilə yox etmək lazımdır.
Bütün vətəndaşlarımız əvvəlki həyatına qayıtmaq istəyir. Amma pandemiya üzündən toylar keçirilmir, o deməkdir ki, az uşaq dünyaya gələcək, 7 il sonra məktəbə gedənlərin sayı azalacaq, 17 il sonra ali təhsil alanların statistikasında eyni rəqəmləri görə bilərik. Bütün bunların baş verməməsi, uzanmaması üçün yoluxmanı sıfıra endirmək lazımdır”.