IX və XI siniflər üçün nəzərdə tutulan buraxılış imtahanları karantin rejimi ilə əlaqədar ləğv edilib. Azərbaycanda karatin rejimi mayın 4-nə qədər uzadılıb.
Maraqlıdır, orta məktəblərin buraxılış imtahanlarının, ali məktəblərə sənəd qəbulunun, eləcə də yaz qəbul imtahanlarının mayda keçirilməsi mümkündürmü?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Musa Qasımlı may ayında buraxılış imtahanlarının keçirilməsinin mümkün olduğunu deyir:
“Koronavirus pandemiyasının yaratdığı ağır şərait hamıya bəllidir. Amma o da bəllidir ki, hökumət strukturları bu dönəmdə kifayət qədər çevik işlədilər. O cümlədən Təhsil Nazirliyi məsafədən təhsilin, dəsrlərin keçirilməsini təşkil edə bildi. Təbii ki, uzaq məsafədən təhsilin keyfiyyəti birbaşa auditoriyadakı təhsilin keyfiyyəti ilə müqayisə edilə bilməz. Amma hər halda biz bu vəziyyətdən çıxdıq.
May ayında dərslər daha yaxşı səviyyədə təşkil ediləcək və ötən bir ayda itirilənlərin və ya zəif olanların yeri doldurulacaq. Əgər vəziyyət belə olarsa, buraxılış imtahanlarını keçirmək mümkün ola bilər. Keçilməyən materialları bu bir ayda tədris etmək mümkün olmasa, dərs ilinin müddətinin uzadılması barədə də düşünmək olar”.