Bakıda saytlara alqı-satqı elanı yerləşdirən hər kəs dələduzluğun qurbanı ola bilər. Dələduzluq sxemi isə belədir: sayta hər hansı bir məişət əşyası, mal-material satışı haqda elan yerləşdirən vətəndaşa zəng olunur, satdığı əşya, mal-materialla maraqlanır. Satıcını inandırmaq üçün qiymətlə bağlı sövdələşmə aparır, özünü real alıcı kimi təqdim edir.
Eyni zamanda özünün sıradan biri olmadığını sözarası deyir, ofisə sürücü, xidmətçi lazım olduğunu söyləyir.
Redaksiyamıza başına gələnlər haqda məlumat verən vətəndaş deyir ki, o, saytlardan birinə istifadə etmədiyi qaz plitəsini satmaq üçün elan yerləşdirib və dələduzluğun qurbanı olmaqdan canını zorla qurtarıb.
“Telefon nömrəmə 070 215 02 XX (vətəndaş nömrəni tam olaraq redaksiyaya təqdim edib – E.M.) nömrəsindən zəng edən şəxs özünü Tofiq kimi təqdim etdi. Qaz plitəsi ilə maraqlandı. Dedi ki, bəs Əhmədlidə ofisləri var, ”Vito” markalı maşına sürücü axtarırlar, 650 manat maaş verir. 2 sürücü lazım olduğunu dedi. Sürücülük kateqoriyası, ailə vəziyyəti ilə maraqlandı. Qonşuma da dedim ki, belə iş var. O da dedi ki, işləməyə razıdır, amma uyğun kateqoriyası yoxdur. Tofiqə zəng elədim, dedim ki, qonşum da işləməyə razıdır, amma sürücülük kateqoriyası uyğun deyil. O da problem olmadığını, məsələni yoluna qoyacağını söylədi, tapşırdı ki, ondan zəng gözləyək”.