Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev vurulub.
Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.
Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır”.
Səhiyyə Nazirliyi dünən axşam saatlarında piyada keçidində avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini nəzarətə götürüb.
Bu barədə nazirliyin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.
Abubəkirov əlavə edib ki, Gülalıyev onu vuran avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlər ona kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozunu qoyublar.
Xəstəyə lazımi tibbi yardım göstərilib, stasionar müalicəyə götürülüb. Lakin yaxın qohumlarının istəyi ilə City Hospitala köçürülüb.
Nazirlik Gülalıyevin müayinə və müalicəsini nəzarətə götürüb.