Bu gün “Milli Şura” üzvlərinin Bakının mərkəzində – “28 May” metrostansiyasının qarşısında keçirəcəyi qanunsuz aksiyanın qarşısını almaq məqsədilə əraziyə çoxlu sayda polis əməkdaşları və DİN-in Daxili Qoşunlarının şəxsi heyəti cəlb olunub.
BNA-dan Reportyor.info-ya daxil olan məlumata görə, qanunsuz aksiyaya cəhd zamanı sərnişindaşımada fasiləsizliyin, rahatlığın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Dəyişikliyə əsasən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrut xətləri üzrə avtobusların hərəkəti “Azadlıq” prospektindən S.Əsgərova küçəsinə, Ş. Bədəlbəyli küçəsindən Bülbül prospektinə, Puşkin küçəsindən 28 may küçəsinə və Ş.İ.Xətai metrostansiyasından geriyə olmaqla təşkil edilib.
Qeyd edək ki, “28 May” Nəqliyyat Mübadilə Mərkəzində 14 müntəzəm marşrut xətti üzrə 220 avtobus fəaliyyət göstərir. Bir saatda 128 avtobusun girib-çıxdığı mərkəzdən gündəlik 200000 nəfər sərnişin istifadə edir.
İctimai asayişin pozulmasına yönələn hər hansı bir kütləvi ixtişaşlar şəhər nəqliyyatının, xüsusəndə ictimai nəqliyyatın işinə ciddi şəkildə mənfi təsir edir ki, bu da əhalinin haqlı narazılığına səbəb olur. Bunu nəzərə alaraq bildiririk ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək.
“Bakı Metropoliteni” QSC-dən “Report”a daxil olan məlumatda bildirilir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək. Strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.
Həmçinin, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyatı hüquq mühafizə orqanlarına müraciət olunacaq.