Hörmətli sədr, sizə, yeni seçilən müavinlərə uğur arzu edirəm, yeni seçilən deputatları təbrik edirəm, onlar bu gün mandat aldılar. Onların qəbul etdiyi hər bir qanun xalqın rifahına xidmət edəcək.
Reportyor.info xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.
Deputat əlavə edib ki, son günlər ölkədə süni ajiotaj yaratmaq cəhdləri özünü büruzə verir: “İstər dollar, istər neftin qiymətinin düşməsindən ajiotaj yaratmağa çalışan qüvvələr var.
Dövlət lazımı addımlar atır, tədbirlər görür. Bəzi mətbuat bu amili bilərəkdən qızışdırır. Əsasən də xaricdə oturanlar, internet televiziyaları. Mən bir internet kanalından baxırdım, adını çəkmək istəmirəm.
Biri Azərbaycandan qoşulmuşdu, dərnək rəhbəri idi, digəri Osmanqızı. Az qalırdılar durub oynasınlar ki, neftin qiyməti düşüb, vəziyyət dəyişəcək və bunlar hakimiyyətə gələcək. Neft düşürsə, bundan hər kəs əziyyət çəkəcək. Neft pulu ilə məktəb, bağça, şəhid ailələrinə, əlillərə minlərlə mənzil tikilir.
Bəyəm bunlar deputatlar üçündür? Bu, xalq, insanlar üçündür. Demək bunlar insanların belə yaşamasının əleyhinə olan adamlardır. Hesab edirəm ki, bizim mütəxəssislərimiz mətbuat və televiziya kanallarına çıxmalı və xalq bilməlidir ki, heç bir narahatlıq yoxdur”.
Komitə sədri xatırladıb ki, zəlzələdən sonra dövlət tərəfindən Ağsu rayonunda 1500, Şamaxıda isə iki minə qədər ev tikilib: “Sel daşqınları zamanı Sabirabad və Saatlıda 5 mindən çox ev tikilib verilib.
Burada da hansı problem olacaqsa, dövlət, dövlətin başçısı onu həll edəcək. Bunu cəmiyyətə demək lazımdır ki, insanlar yalana uymasınlar. Mən siyasi tərəfdən qeyd edirəm ki, bu məsələdə əhalimiz narahat olmasın. Dövlət, dövlətin başçısı əhalinin yanındadır və nə problem olacaqsa, həll edəcək”.