Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılan Polad Aslanovla bağlı istintaq davam edir. Bir sıra hüquq müdafiəçiləri Polad Aslanovun “jurnalist” fəaliyyətinə görə həbs edildiyini iddia edərək, məsələni siyasiləşdirməyə çalışırlar. Lakin əldə etdiyimiz məlumatlar bu şəxsin başqa ölkənin xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq etdiyini təsdiqləyir.
Polad Aslanov kimdir?
2007-ci ildə Bakı İslam Universitetinə daxil olan Polad Aslanov həmin il “Gənc Fikir” birliyini yaradıb, həmçinin, “Gənc fikir” qəzeti və “press-az.com” xəbər agentliyini, 2010-cu ildə isə “Məsum” dini jurnalını təsis edib.
2012-ci ildə universiteti bitirən Polad Aslanov dini istiqamət üzrə fəaliyyətini aktivləşdirib. 2013-cü ildə internet üzərindən yayımlanan “Zuhur TV” kanalını yaradıb. Hazırda bu kanalın fəaliyyəti dondurulub.
Polad Aslanov 2007-ci ildən etibarən bölgədəki dini-klerikal dairələr tərəfindən müxtəlif vasitələrlə dəstəklənib. Bu dəstək arasında maddi yardımlar da var. Qarşılığında o, müxtəlif mənbələrdən topladığı məlumatları bağlı olduğu dairələrə ötürüb.
Bu istiqamətdə fəaliyyətini xüsusilə 2013-cü ildən etibarən gücləndirib. O, Azərbaycanda ictimai-siyasi, iqtisadi və digər sahələrdəki vəziyyət, eləcə də İslam dinin digər təriqətləri haqqında topladığı məlumatları əməkdaşlıq etdiyi xüsusi xidmət orqanına Türkiyə üzərindən çatdırırmış. Bu işdə əsas vasitəçi Türkiyədə fəaliyyət göstərən “Qlobal Düşüncə və Araşdırmalar Mərkəzi”nin rəhbəri Hakim Əlizadə olub.
Hakim Əlizadə Polad Aslanovdan Azərbaycanda İslam dinin digər təriqətləri ilə bağlı təfsilatlı məlumatlar toplamağı xahiş edib. Polad Aslanov isə verilən tapşırığa uyğun olaraq açıq mənbələr və digər üsullarla məlumatları toplayaraq, ona göndərib. Əvəzində Hakim Əlizadə toplanan məlmatları casusluq etdikləri xüsusi xidmət orqanlarına çatdırırmış.
Polad Aslanovun fəaliyyəti, təsis etdiyi media resurslarında həyata keçirdiyi təbliğat onun bölgədəki məlum dini-klerikal dairələrinə yaxınlığını təsdiqləyir, bununla yanaşı, əldə olunan məlumatlar onun məlum xüsusi xidmət orqanları ilə birbaşa əməkdaşlığını da sübut edir.
Bu faktlar Polad Aslanovun “jurnalist fəaliyyətinə görə həbs olunub” iddialarını da alt-üst edir və məlum olur ki, adıçəkilən şəxs xarici kəşfiyyata casusluq etdiyi üçün saxlanılıb.
Burada diqqətçəkən əsas məqam bölgədəki dini klerikal dairələrə bağlı şəxsin liberal dəyərləri müdafiə etdiyini deyən və Qərb tərəfindən bu və ya digər formada dəstəklənən hüquq müdafiəçiləri tərəfindən dəstəklənməsidir. Əslində Qərblə bölgənin dini dairələrinin üz-üzə olması, hətta açıq mübarizə aparması fonunda liberal hüquq müdafiəçilərin radikal dini baxışlara malik olan və dini dairələr tərəfindən dəstəklənən Polad Aslanovu müdafiə etməməsi daha məntiqli olardı, lakin biz bunun əksini görürük.
Görünür ki, burada Azərbaycanı meydança olaraq seçən və mövcud qarşıdurmada tərəf kimi göstərmək istəyən qüvvələr var. Bu qüvvələr Azərbaycanı Polad Aslanovun indiyə qədərki fəaliyyətinin timsalında dini-klerikal dairələrə yaxın kimi göstərmək istəyir.
İstisna deyil ki, Qərbin dəstəyi ilə fəaliyyət göstərən məlum hüquq müdafiəçiləri Azərbaycana qarşı oynanılan bu oyunun içindədirlər. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bu təhlükəli oyunun qarşısını aldı. Bu gün Polad Aslanovun müdafiəsinə qalxanların narahatlığına səbəb olan da məhz budur…
Zaur Hacılı
Demokrat.az