“Hərbi əməliyyatların, müharibənin miqyası genişlənərsə, Ermənistan kənar qüvvələri döyüş gedən əraziyə cəlb edərsə, təbii ki, Azərbaycan ordusunun sayının artırılmasına ehtiyac yaranacaq”.
Bunu Reportyor.info-ya açıqlamasında hərbi ekspert Ramin Məmmədli Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına verdiyi müsahibəsində “Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik” fikirini şərh edərkən deyib. Ramin Məmmədli bildirib ki, Ermənistan ordusunun canı qüvvə ilə bağlı problemləri var:

“Hamımız bilirik ki, bu gün onlar orduda hansı vəziyyətdədir. İkinci bir tərəfdən Ermənistanın dövlət büdcəsi buna imkan vermir ki, şəxsi heyətin sayını artırsın. Şəxsi heyətin sayı artanda texnika, silahlar da alınmalıdır. Digər tərəfdən əgər bu gün döyüş əməliyyatlarında 100 min canlı qüvvə iştirak edirsə, eyni zamanda orduya digər vətəndaşlar da çağırılır. Lazım gəldikdə onlar da mərhələli şəkildə hərbi əməliyyatlara cəlb eləmək olur”.
Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində zərurət yarandığı halda orduya əlavə qüvvələrin cəlb olunacağını deyib. “Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik”, deyə dövlət başçısı qeyd edib.