“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Linfild”in baş məşqçisi Devid Hili oyun öncəsi tərəflərin şanslarını dəyərləndirib.
Qol.az Şimali İrlandiya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis hər iki oyunda “Qarabağ”ın favorit olduğunu bildirsə də, komandasının asanlıqla təslim olmayacağını bildirib.
“Qarabağ”ın baxımlı oyun sərgilədiyini qeyd edən Devid Hili “Linfild”in şanslarından danışıb: “İnsanlar düşünə bilər ki, sadə Azərbaycan klubu necə favorit ola bilər?
Amma sizi tam əmin edirəm ki, onların oyunçularına baxdıqda necə bir oyun keyfiyyətinə malik olduqlarını görmək olur. Heyətdə millidə də çıxış edən futbolçular var. Bizim hər iki oyunda baxımlı oyun göstərməyə ehtiyacımız var. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Təhlükəli və texnikası yüksək olan futbolçulara qarşı oynayacağıq. Buna görə də biz yerimizdə oturub Avropa Liqasından kənarda qalmaq haqqında düşünə bilmərik. Əvvəlki oyunlarda olduğu kimi burda da hücum futbolundan istifadə edəcəyik. İndiyə qədər bu taktikadan yararlanmışıq, bundan sonra da bu sistemi dəyişməyi düşünmürəm”.
Qeyd edək ki, “Linfild” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də “Vindsor Park”da başlayacaq. Cavab oyunu avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.