Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada mühacir biznesi ilə bağlı həbslər, Müsavat AKM-in bir neçə üzvünün saxlanılması, bu hadisələrdə partiyanın adının hallanması, ittihamlar səslənməsi ilə bağlı mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, A.Hacılı mühacir mövzusunda Müsavata və bir sıra partiyalara qarşı kampaniya aparıldığını vurğulayıb: “Bir müddət əvvəl Respublika Prokurorluğu istintaq işi başlayıb. Müsavat və AXCP istintaqa cəlb olunub. Bu işlə əlaqədar mən, İsa Qəmbər, Gülağa Aslanlı, Əli Kərimli, Gözəl Bayramlının da bu istintaqda iştirak etdiyini xatırlayıram. Müsavata qarşı iddialara bağlı bir neçə məhkəmələr də keçirilib. Bu məhkəmələrdə iddiaların yalan olduğu sübuta yetirilib. Lakin son günlər bəzi mətbuat orqanları, xüsusən “Yeni Müsavat” qəzeti sifarişlə Müsavata qarşı kampaniya aparır. Deməliyəm ki, yalnız Həqiqət Oğuz xəstə olduğu dövrdə Avropaya getməsini tövsiyə etmişik, başqa bir nəfərə də Müsavat Partiyası Azərbaycandan getməyi tövsiyə etməyib. Amma təzyiqlə üzləşən müsavatçıların partiya üzvü olmaları barədə sənəd vermişik. Onların sayı çox deyil, 200 nəfər olar. Azərbaycanda təzyiqə məruz qalmayan müxalifətçi yoxdur”.
A.Hacılı bildirdi ki, Müsavat Partiyası təzyiqlə üzləşən üzvlərinin arayış alması üçün bir neçə mexanizm müəyyənləşdirib: “Bu sənədlər rayon təşkilatlarına verilir, sonra təşkilat departamenti yoxlayır, ardınca icra aparatı dəqiqləşdirdikdən sonra sənədin verilməsi ilə əlaqədar qərar qəbul edir. Bu mexanizm bir qədər sonra daha da mürəkkəbləşdirildi. Müsavat üzvü xaricə gedibsə, ona sənəd verilmir. Həmin ölkənin miqrasiya idarəsi Müsavata rəsmi sorğu göndərirsə, o halda baxılır və cavab verilir. Eyni zamanda Müsavatın Məclisi qərar qəbul edib ki, partiyanın 2 il üzvü olmayan birinə arayış verilməsin. Xaricdə yaşayan azərbaycanlıların Müsavata üzvlüyü mümkündür. Amma xaricdə yaşayan azərbaycanlıların qəbulu üçün zəmanət tələb olunur, tanınmış olmalıdır, yalnız partiyanın Divanı qəbul edə bilər. Yəni, belə ağır prosedur qoyulub”.
Müsavat başqanı Almaniyanın “Şpigel” qəzetinin yazdıqlarına toxunub: “Qəzet yazıb ki, Almaniyanın bir sıra şəhərlərində reyd keçirilib. Ümumilikdə 38 nəfər həbs olunub. İkisi azərbaycanlıdır. Birinin 49 yaşı var, birinin 57 yaşı var. Sonda dəqiqləşdi ki, həbs edilənlərdən biri Əlövsət Əliyevdir. Onun da Müsavatla əlaqəsi yoxdur. Saxlanılmış digər şəxs Müsavat AKM üzvü Mehdi Xəlilbəylidir. Hazırda istintaq gedir. Mehdi Xəlilbəylinin həbsi Əlövsət Əliyevin həbsi ilə eyni deyil. Vaxtilə sürücüsü olmuş Rəşad Məmmədovun şikayəti əsasında həyata keçirilib. Bu cinayət təqibini həyata keçirmək üçün Rəşad Məmmədovun əsasları göstərilib. Müsavat AKM-in bu məsələlərə aidiyyatı yoxdur. Almaniya məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.
A.Hacılı özünə qarşı ittihamlardan da danışıb: “Guya Vasif Talıbova məxsus “Sirab” şirkəti ilə şərikəm. Mehdi Xəlilbəylinin eyniadlı şirkəti var və su satan deyil, yükdaşıyan firmadır. Adı da fərqlidir, əvvəlində “Sirab” yazılıb, axırında başqa sözlər qeyd olunub. Bu məsələ absurd və inanılmaz böhtandır. Guya Almaniyda mənim otellərim, mənzillərim var. Bunlar hamısı yalandlr. Kim bu iddianı sübut etsə, onlara bağışlayacam. Mehdi Xəlilbəyli ilə tanışam, amma yaxınlığımız yoxdur. İlham Həsəni yaxşı tanıyıram və icarəyə götürülmüş evdə qalır. Digər saxlanan şəxs Elçin Əkbərovdur. Müsavat heç kəsə dəstək arayışı verməyib. O, 9 və 14 saylı cəzaçəkmə müəssisələrinin rəisi olub. İndi deyirlər ki, Arif Hacılı 14 saylı cəzaçəkmə müəssisəsində olub. Ona qalsa mən bir çox həbsxanalarda olmuşam. Bu adam hakimiyyətə yaxındır, bizneslə məşğuldur”.
A.Hacılı bildirib ki, ittihamlar doğru olarsa, Müsavat üzvü cəzalandırılacaq: “Əgər yalandırsa, məhkəmələrə müraciət edəcəyik, həmin mətbuat orqanları təkzib verəcəklər”.
Partiya başqanının sözlərinə görə, Almaniya səfirliyinin Bakıdakı diplomatik nümayəndəliyi ilə görüşməyi planlaşdırır: “Xatırlayırsınızsa, bir müddət əvvəl Bakıda belə bir çete aşkarlandı. Biz bu prosesin getməsində, məsələlərin araşdırılmasında maraqlıyıq”.
A.Hacılı istefası tələblərinə belə şərh verib: “Əgər hansısa müsavatçı cinayət törədibsə, buna görə özü məsuliyyət daşıyır. Bu əməllərdə mənim iştirakım sübuta yetirilərsə istefa da verə bilərəm, daha sərt addımlar da atıla bilər”.
Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı jurnalist Yafəz Həsənovun sosial mediada paylaşdığı sənədə münasibət bildirib: “Sənəd 2008-ci ildə Müsavat üzvünə verilib. Onun kimliyi bizə məlumdur. Sadəcə, Azərbaycandadır, ona görə kimliyini açıqlamırıq. Müsavatın Naxçıvan təşkilat sədri Sabir Vəliyev tərəfindən verildiyini özü təsdiqləyir. O, Yafəz Həsənovu tanımadığını bildirib. Həmin şəxsin nömrəsi bizdə var, əgər məsələ məhkəmə müstəvisinə çıxarsa biz məlumatlar verə bilərik”.
A.Hacılı “Yeni Müsavat”ın suallarını da cavablandırıb. Müsavat başqanından “Niyə mühacir biznesi məsələsində məhz Müsavat Partiyasının adı daha çox hallanır”, sualımıza cavabı belə olub: “Çünki Müsavat Partiyası hədəfə alınıb. Bu məsələdə hakimiyyətin manipulyasiyası var. Eyni zamanda bəzi müxalifətdə olanlar kəmfürsət davranırlar, qərəzlidirlər, araşdırmaların nəticəsini gözləmədən fikir bildirirlər”.
A.Hacılı qeyd etdi ki, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov şikayətində dava etdiklərini, Xəlilbəylinin onu döydüyünü də göstərib.
Mətbuat konfransı suallara cavablardan sonra başa çatıb.