Elə bir gün olmur ki, ölkədə infeksiyadan kimsə dünyasını dəyişməsin. Doğrudur, yoluxma sayında azalma var, sağalanlar artıb, amma ölənlər gündəlik 6-10 nəfər civarında dəyişir.
Bu vətəndaşlar arasında vəzifəlilər də var. Son olaraq, Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat İmtahan İdarəsinin rəisi, polkovnik İlham Rəcəbovu qeyd etmək olar.
Tibb elmləri üzrə professor Adil Qeybullanın bildirdiyinə görə, koronavirus kasıba, varlıya baxmır.
Onun fikrincə, xəstəliyə yoluxmasını az gözləyənlərin koronavirusa tutulmaq şansı yüksək olur: “Ola bilsin ki, həmin vəzifəli şəxs yas yerinə gedib, yaxud kiminləsə təmasda olub. İnsanlar gözləməlidirlər ki, xəstəlik adamı hər an yaxalaya bilər. Ona görə özlərini qorumalıdırlar”.
A.Qeybulla hesab edir ki, avqustun 5-dən sonra sərt karantin rejimi yumşalsa belə, ictimai yerlərdə qorunma ilə bağlı qaydalar, davranış sərtləşməlidir:
“Karantin yumşalsa belə, bayırda maska taxmaq, sosial məsafəni gözləmək, kafedə karantin qaydalarına riayət olunmasına nəzarət dirilməlidir.
İnsanlar bilməlidirlər ki, karantin rejiminin yumşalması xəstəliyin tamamilə yox olması anlamına gəlmir”.
Professor karantinin yumşalması fikrini dəstəkləyir, çünki insanlar evə qapanmaqdan yorulublar: “Ancaq hər kəs bilməlidir ki, virus kasıba, varlıya fərq qoymur, küçədə maska taxaraq gəzməlidirlər, sosial izolyasiyaya əməl etməlidirlər”.