Bu gün əksər media portalları səhər saatlarından bir xəbərin ucundan tutub onu tirajlayırlar və dəqiqləşdirmədən yaymaqda davam edirlər. Bu da istər-istəməz sosial şəbəkə seqmentində də böyük izləyici kütləsi tərəfindən daha çox yayılmağa başlayıb.
Günün ikinci yarısıdır, Baş Prokurorluq, ardınca Abşeron Rayon İcra Hakimiyyəti həbs xəbərlərini təkzib yayıb, həmin saytlar da rəsmi açıqlamaları təqdim ediblər, amma hələ də söz-söhbət şayiə şəklində davam etməkdədir.
Reportyor.info-nun əməkdaşı Abşeron Rayon İcra Hakimiyyətinin binasında əməliyyat axtarış tədbirləri həyata keçirilməsi və müavinlərin həbs olunması ilə bağlı yerindəcə açıqlama alıb.
Abşeron İH-dən saytımıza bir daha bildirilib ki, hər hansı əməliyyat həyata keçirilməyib, müavinlər işini davam etdirirlər. İH-nin baş memarı Akif Əliyev də saytımıza açıqlamasında qeyd edib ki, yayılan informasiyalar doğru deyil, belə olsaydı, hüquq-mühafizə orqanları rəsmi məlumat verərdi.
Baş memarın sözlərinə görə, jurnalistlər xəbər yayarkən üç mənbədən dəqiqləşdirməli, mövqe öyrənməli, sonra tirajlamalıdırlar: “Xüsusən də belə məlumatlarda diqqətli və məsuliyyətli olmaq lazımdır.
Baş Prokurorluq hamıdan əvvəl təkzib edir, amma yenə xəbərləri yaymağa davam edirlər. Bildiririk ki, Abşeron İcra Hakimiyyətində adi iş günlərindən biridir, hər kəs işinin başındadır”.
Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında deyilir: “Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”.