Mingəçevirdə sərnişin mikroavtobusunun aşması nəticəsində ağır xəsarət alanlardan biri Fakt İnformasiya Agentliyinin əməkdaşı Yaşar Nuriyevdir.
Bu barədə jurnalist Xəyyam Salmanzadə məlumat verib. Onun sözlərinə görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Y.Nuriyevə qabırğaların sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.
X.Salmanzadə bildirib ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkimlərin yaralıya laqeydliyi ucbatından onu gecə ilə yaşadığı Bərdə rayonuna aparıb və xəstəxanaya yerləşdirib.
Onun vəziyyətinin ağır olduğunu bildirən jurnalistin məlumatına görə, hadisə ilə bağlı nə Y.Nuriyevdən Mingəçevir şəhər polisi tərəfindən izahat alınıb, nə qəzanı törədən hər iki sürücü məsuliyyətə cəlb olunub, nə də sürücülərin özləri və yaxınları yaralı ilə maraqlanıblar.
“Şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşrut xətti avtobusu “Niva markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Onlardan biri də qardaşım Yaşardır. O, avtobusda olub. Qalan yaralılar qadınlardır. Ancaq Yaşardan Mingəçevir polis əməkdaşları izahat götürməyiblər. Mən hadisəyə laqeyd münasibəti anlaya bilmirəm.
Həmin sürücülərin özləri də, yaxınları da Yaşarla maraqlanmayıb ki, ölüb yoxsa qalıb. Mingəçevir xəstəxanası da yaralılara biganəlik göstərirdi.
Ona görə məcburiyyətdən Yaşarı Bərdəyə çatdırmışam. Mingəçevir xəstəxanasındakı vəziyyət haqda mətbuatdan oxuyurdum, inanmırdım.
Gördüklərim məni lərzəyə gətirdi. Həkimlərə elə gəlir ki, insanlara xidmət etməməlidirlər, xəstələr onlara baxmalıdı. Bax buna görə həkim səhlənkarlığından ölümlər artır”.
X.Salmanzadə Daxili İşlər naziri Ramil Usubova müraciət edib. O, nazirdən hadisəni nəzarətinə götürməsini xahiş edib:
“Cənab nazirdən xahiş edirəm ki, hadisəyə səbəb olan hər iki sürücünün məsuliyyətə cəlb olunması üçün araşdırılma aparılmasına tapşırıq versin.
Mingəçevir polisi ən ağır yara almış Yaşar Nuriyevdən izahat almayıb ki, hadisə necə baş verib.
Bu cür səhlənkarlıq, məsuliyyətsizlik, qəzada yaralanmış vətəndaşa biganəlik polisin fəaliyyətinə yaraşmır.
Mən inanıram ki, cənab nazir Mingəçevir polisi ilə bağlı lazımi ölçü götürəcək, müvafiq göstərişlərini verəcək”.
Qeyd edək ki, Mingəçevir ŞMX-nın baş həkimi Eldar İsayev onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldığını bildirib.
İki nəfərə isə hazırda şöbədə yardım göstərilir.