“Əli Kərimli iflasa doğru gedir” – Fəzail Ağamalı

9 Oktyabr 2019 - 10:22
41 oxunma

Müxalif fikirlilər Azərbaycanda sərbəst toplaşma azadlığının qadağan olunduğunu hesab edirlər.

Bəzi beynəlxalq təşkilatların bəyanatlarında da Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı tənqidlər səslənir.

Deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə söhbətimizdə ölkədə sərbəst toplaşma azadlığı ilə bağlı məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Fəzail bəy, Azərbaycan hakimiyyəti müxalifətə sərbəst toplaşmaq üçün hara qədər imkan verib?

– Ümumiyyətlə, Azərbaycan dövləti demokratik dəyərlərə, konstitusiyaya söykənərək bütün vətəndaşlara sərbəst toplaşma, özünüifadə imkanları verib.

Bu gün istənilən vətəndaş fikrini ifadə etmək imkanına malikdir, azaddır, mövqeyinə görə kiməsə təzyiq göstərilmir. İnsanlar üçün sosial şəbəkələr çox böyük bir tribunadır.

Vətəndaşlar ölkədə gedən siyasi proseslərə orada rəylərini bildirirlər, ayrı-ayrı vətəndaşlar status yazaraq təkliflər irəli sürürlər, dövlətin atdığı addımlara müsbət və ya mənfi reaksiyalar verirlər, tənqidlər səsləndirirlər və bu azadlıqlar mitinqlərin, piketlərin keçirilməsinə, sərbəst toplaşma azadlığının təmin olunmasına qədər əhatə edir.

Elə bu gün (dünən – E.S.) Milli Şura Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirəcək. Əvvəlcə Milli Şura mitinq üçün müraciət etmişdi, meriya tərəfindən onlara Lökbatanda yer ayrıldı.

Hesab edirəm ki, mitinq üçün kifayət qədər imkanları yüksək səviyyədə olan bir stadionu tövsiyə etdilər. Amma Milli Şura həmin yerdən imtina elədi.

Onların metro önündə aksiya keçirməsi isə digər vətəndaşların istirahət hüquqlarının pozulması, nəqliyyatın hərəkətinin iflic edilməsidir.

Aydın olur ki, Milli Şuranın niyyəti mitinq keçirmək deyildi, sadəcə, radikal addımlar atmaq, xaricdəki himayədarlarından dəstək almaq, anarxiya yaratmaq üçün çalışmaqdır. Bununla belə, BŞİH qanuna söykənərək onlara şəhərin mərkəzində piket keçirmək imkanı yaratdı.

– Amma müxalifətçilərin fikrincə, sərbəst toplaşmaq tamamilə qadağan edilib…

– Yalan fikirlərdir. Onlar bunu söz olaraq deyə bilərlər. Biz Pənah Hüseynlə musavat.com-un canlı yayımında idik.

Pənah bəy bir siyahı göstərdi, Lökbatandakı yerlərin adlarını saydı. O yerlərin şəraiti, imkanları qat-qat üstündür.

Sadəcə, Milli Şuranın niyyəti mitinq deyil, sərbəst toplaşmaq hüququndan istifadə etmək deyil, bəhanə ilə yayınmaq, bununla da iqtidarı mənasız arqumentlərlə ittiham etmək istəyidir.

Anarxiya isə demokratiyanın əksidir, faciələrə yol açan baxışdır. Ona görə bəzilərinin sərbəst toplaşma azadlığının olmaması ilə bağlı söylədiklərinin heç bir real əsası yoxdur.

– Sizcə, Lökbatan uzaq deyildimi, insanların ora gedə bilməyəcəyi əsas gətirilirdi. Bu səbəbi bölüşürsünüzmü?

– Məndə inam var ki, başqa yerlər göstərsəydilər, ora da getməzdilər. Digər yerlər də ola bilərdi. Siyasi partiya rəhbərliyi qərar qəbul edir, üzvləri əməl etmirsə, onda partiya deyil, dərnəkdir. Yəni belə çıxır ki, kim istəyir gəlsin, kim istəyir gəlməsin. Sən şəhərdən uzaq olmayan Lökbatana üzvlərini apara bilmirsə, o partiyanın ciddiliyi haqda düşünmək lazımdır.

Biz 90-cı illərdə dəfələrlə şahid olmuşuq ki, ən müxtəlif yerlərdə nümayişlər olub. Xalqın düşüncəsi ölkənin problemlərinə, milli azadlığına yönəlmişdi. Bir partiya gücsüzlüyünü bununla ört-basdır etmək istəyirsə, onda partiya deyil. Ona görə də Milli Şuranın rəhbərləri nəticə çıxarmalıdır. Milli Şuranı AXCP çətiri altında saxlayan Əli Kərimli düşünməsin ki, anarxist addımlar atmaqla xalqın iradəsini özünə tabe etdirə biləcək. Çünki Əli Kərimli iflasa doğru getməkdədir.

Onun tənqid hədəfində yalnız prezident dayanır və bir məmur adı çəkmir. Guya günahlar ancaq prezidentdədir. Amma özü dövlət katibi işləyib, məmurlarla problemi olmuş bir adam idi. Ona görə indi yalnız prezidentin addımları təftiş edilir. Çox təəssüf ki, Qarabağ məsələsini müzakirə etmirlər, dövlətçiliyə qarşı çıxan məmurların ünvanına bir söz demirlər, hədəf məhz prezident və ailəsidir. Əli Kərimlinin niyyəti xalqla prezident arasında etimadı zəiflətmək, qan tökülməsinə, ölkənin Suriyaya çevrilməsinə nail olmaqdır. Amma unutmasın ki, Azərbaycanın sağlam siyasi qüvvələri və cəmiyyət buna imkan verməyəcək.

Əminəm ki, Azərbaycan vətəndaşları dövlətçiliyi təhlükə qarşısında qoyacaq təhdidlərə qarşı xalq olaraq bütövlükdə müsbət münasibət ifadə edəcək.

– Sərbəst toplaşma ilə bağlı tənqidlərdən biri də budur ki, Müsavatın başqanlığa namizədləri yerlərdə partiya üzvləri ilə görüşə bilmir, imkan verilmir. Siz bu halları müşahidə edirsinizmi?

– Hesab edirəm ki, istənilən partiya, müxalifət olsun ya olmasın, şəhər təşkilatlarında qanunu pozmamaqla görüş keçirirsə, ona şərait yaratmalısan, əngəl olmamalısan. Bir şərtlə ki, partiya qanunlara riayət etməlidir, konstitusiya ilə qadağan edilmiş çağırışlar olmamalıdır, partiyadaxili məsələlər ifadə edilməlidir. Hə, bu halda partiya üzvləri ilə görüşlərə imkan yaradılmalıdır.

Bildiyim qədər, Müsavatın qurultayı gəlir, əgər tərəfdarlarla görüşlər dinc keçirsə, buna şərait yaratmaq lazımdır. Əgər hansısa əngəl yaradılırsa, müsbət qarşılamıram.

– BŞİH qurultay üçün Müsavata yer ayırıb, amma yerin sahibi imtina edib. Bunu da həmin iş adamına siyasi təlimat kimi qiymətləndirirlər. Siz necə düşünürsünüz? 

– Yer məsələsinə gəlincə, BŞİH partiyanın qurultay keçirməsi üçün yer ayırmağa borclu deyil. Partiyalar öz vəsaiti hesabına yer danışa bilərlər.

Biz də Ana Vətən Partiyasının qurultayını keçirmişik. Qurultay üçün bu və ya digər yerlərlə, otellərlə razılaşmışıq. Qurultaydan sonra onlara təşəkkürümüzü bildirmişik. Əgər Müsavat Partiyası BŞİH-ə müraciət edirsə və onlara yer ayrılırsa, bu, meriyanın humanistliyi, partiyaya hörmətinin ifadəsi kimi qiymətləndirilməlidir. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da meriya borclu deyil ki, partiyaya hökmən yer ayırsın. Çünki onun balansında klublar, müəssisələr yoxdur.

Amma Müsavat Partiyası mədəniyyət saraylarının, teatrların rəhbərlərinə, eyni zamanda Mədəniyyət Nazirliyinə müraciət edə bilər. Bu məsələdə  BŞİH-i ittiham etmək ən azı ədalətsizlikdir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"